Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Qarabağda yeni hərbi əməliyyatlara başlamalıdırmı? - Sorğu

Azərbaycan Qarabağda yeni hərbi əməliyyatlara başlamalıdırmı? - Sorğu

Tarix: 16 Dekabr 2022 12:21

Sosial Tədqiqatlar Mərkəzi əhali arasında rəy sorğusu keçirib.

Mərkəzdən Sonxeber.net-a verilən məlumata görə, sorğunun məqsədi Azərbaycan və Ermənistan sərhədində atəşkəs rejiminin pozulması hallarının artması fonunda Azərbaycanın Qarabağ ərazisində qanunsuz erməni silahlı birləşmələrinə qarşı yeni hərbi əməliyyatların keçirilməsi zərurəti və hədəfləri, postmüharibə dövrünün yeni reallığı kontekstində nəzərdə tutulan sülh və birgəyaşayış perspektivləri, Qarabağ ətrafında və regionda yaranan geosiyasi vəziyyətin ictimai rəydə qiymətləndirilməsi olub.

Sorğuda könüllülük prinsipi əsasında 18 yaşından yuxarı 390 respondent iştirak edib.

Beləliklə, ictimai rəyi öyrənmək məqsədilə respondentlərə "Sizcə, Azərbaycan Qarabağda erməni silahlı qruplaşmalarına qarşı yeni hərbi əməliyyatlara başlamalıdırmı?" sualı ünvanlanıb. Respondentlərin 48,0 faizi yeni hərbi əməliyyatların başlanmasını dəstəklədiyini, 39,6 faizi isə dəstəkləmədiyini ifadə edib. 12,4 faizi bu barədə mövqe bildirməkdə çətinlik çəkib.

Yeni hərbi əməliyyatların başlanmasını dəstəklədiyini bildirənlərə "Hərbi əməliyyatlar hansı hədəfə çatana kimi davam etdirilməlidir?" sualı ünvanlanıb və onlara bir neçə cavab variantı seçmək imkanı verilib. Sorğunun nəticələrinə əsasən, respondentlərin mühüm hissəsi, yəni 54,6 faizi hərbi əməliyyatların Xankəndi və ətraf ərazilər üzərində nəzarət tam təmin olunana kimi, 44,9 faizi Zəngəzur dəhlizi açılana kimi, 39,0 faizi sülh müqaviləsi imzalanana kimi davam etdirilməli olduğunu bildirib. Respondentlərin 29,4 faizinə görə, hərbi əməliyyatlar sərhədlər birgə razılaşdırılana kimi, 32,6 faizinə görə, erməni təxribatlarının qarşısı alınana kimi davam etdirilməlidir. 12,3 faiz isə cavab verməkdə çətinlik çəkib.

Bununla yanaşı, sorğuda iştirak edənlərin Rusiya sülhməramlılarına və onların səlahiyyət müddətinə münasibətləri də təhlil olunub. Burada respondentlərin sülhməramlılara münasibətinin təhlili maraqlı məqamlardan biri kimi diqqət çəkir. Belə ki, respondentlərin 81,8 faizi Rusiya sülhməramlılarına mənfi münasibət bildirdiyi halda, müsbət münasibətini ifadə edənlər 6.9 faiz təşkil edib. Bu suala 11.3 faiz respondent cavab verməkdə çətinlik çəkib.

Sorğuda respondentlərin "Rusiya sülhməramlılarının Qarabağda qalmaq müddəti ilə bağlı nə düşünürsünüz?" sualına mövqeyi də soruşulub. Nəticələrə əsasən, ictimaiyyət bu məsələyə münasibətdə fərqli fikirlərə malikdir. Belə ki, sorğu iştirakçılarının 49,0 faizi sülhməramlıların beş il müddət tamam olanda Qarabağdan gedəcəyini düşünür. Halbuki 37,2 faizi onların Qarabağda qalmaq müddəti ilə bağlı qeyri-müəyyən qənaətdədirlər. Respondentlərin 13,8 faizi bu suala rəyini bildirməkdə çətinlik çəkib.


Etiketlər:  Azərbaycan Qarabağda yeni hərbi əməliyyatlara başlamalıdırmı Sorğu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ