Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Başqa bir dünya müharibəsindən necə qaçmaq olar” - Henri Kissincer

“Başqa bir dünya müharibəsindən necə qaçmaq olar” - Henri Kissincer

Tarix: 17 Dekabr 2022 08:54

ABŞ-ıın keçmiş dövlət katibi Henri Kisseincer Böyük Britaniyanın "Spectator" jurnalında Rusiya-Ukrayna müharibəsinin fonunda dünyanı yeni və daha böyük dağıdıcı təhlükələrin gözləndiyi barədə maraqlı yazı qələmə alıb.

Milli.Az musavat.com-a istinadən həmin yazını təqdim edir.

"Ukrayna müasir tarixdə ilk dəfə olaraq Mərkəzi Avropanın böyük dövlətinə çevrilib. Ukrayna öz müttəfiqlərinin köməyi və prezidenti Vladimir Zelenskinin əzmi ilə İkinci Dünya Müharibəsindən bəri Avropada başının üstündə duran Rusiya Silahlı qüvvələrinin qarşısını alıb. Çin də daxil olmaqla beynəlxalq sistem Rusiyanın təhdidinə və ya nüvə silahından istifadəsinə qarşı çıxır.

Bu proses Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı ilkin suallar doğurmaqdadır. Ukrayna indi ABŞ və müttəfiqləri tərəfindən təchiz edilmiş, Avropanın ən böyük və ən qüvvətli quru ordularından birinə malik olub. Sülh prosesi hansı yolla olursa olsun, Ukraynanı NATO ilə əlaqələndirməlidir. Xüsusən Finlandiya və İsveç NATO-ya daxil olduqdan sonra neytrallıq alternativinin artıq mənası yoxdur. Ona görə də mən keçən may ayında fevralın 24-də müharibə başlayana qədər orada mövcud olan sərhəd boyu atəşkəs xəttinin yaradılmasını tövsiyə etdim.
Rusiya könülsüz də olsa öz fəthlərindən imtina etməli olacaq. Lakin buraya təxminən on il əvvəl işğal etdiyi ərazilər, o cümlədən Krım daxil deyil. Bu ərazi atəşkəsdən sonra danışıqlar predmetinə çevrilə bilər.

Əgər Ukrayna ilə Rusiya arasında müharibədən əvvəlki bölgü xəttinə döyüş və ya danışıqlar yolu ilə geri dönmək mümkün olmasa, o zaman "öz müqəddəratını təyinetmə" prinsipinə müraciət etmək olar. Beynəlxalq nəzarət altında öz müqəddəratını təyinetmə referendumları əsrlər boyu dəfələrlə əl dəyişdirmiş ərazilərə münasibətdə tətbiq olunur.

Sülh prosesinin məqsədi ikitərəfli olacaq: Ukraynanın müstəqilliyinin bir daha təsbitlənməsi və xüsusilə Mərkəzi və Şərqi Avropa üçün yeni beynəlxalq strukturun müəyyən edilməsi. Nəticə etibarilə Rusiya da həmin düzəndə özünə yer tapmalıdır.

Bəziləri üçün ən yaxşı variant müharibədən tükənmiş Rusiyadır. Mən isə buna razı deyiləm. Bütün zorakılığa meyllərinə rəğmən, Rusiya yarım min ildən artıqdır ki, qlobal tarazlığa və qüvvələr balansına həlledici töhfə verir. Onun tarixi rolunu qiymətləndirməmək olmaz. Rusiyanın hərbi uğursuzluqları onun qlobal nüvə potensialını aradan qaldırmayıb, ki, bu da Ukraynada eskalasiya təhlükəsini artırmadadır. Bu imkanlar azalsa belə, Rusiyanın parçalanması və ya strateji siyasət qabiliyyətinin məhv edilməsi onun 11 saat qurşağını əhatə edən ərazisini mübahisəli vakuuma çevirə bilər. Digər ölkələr öz iddialarını güc yolu ilə genişləndirməyə cəhd edə bilərlər. Bütün bu təhlükələr minlərlə nüvə silahının mövcudluğu ilə daha da artacaq.

Dünya liderləri iki nüvə dövlətinin rəqabət apardığı bu müharibəyə son qoymağa çalışarkən, yeni yaranan yüksək texnologiya və süni intellektin bu münaqişəyə təsirini və uzunmüddətli strategiyasını da nəzərə almalıdırlar. Öz-özünü idarə edən silahlar artıq bir həqiqətdir. Bu silahlar öz təhdidlərini müəyyən etmək, qiymətləndirmək və hədəfə almaq qabiliyyətinə malikdir və beləliklə, hətta öz müharibəsini başlatmağa da qadirdir.

Belə bir yeni işğalçıya qarşı hələ heç bir nəzəriyyə mövcud deyil və bu mövzuda müzakirələr də aparılmayıb. Buna görə də həmin mövzuda aparılacaq danışıqlar özlüyündə gələcəyə risk yaradan yeni kəşflərə səbəb ola bilər. Ən qabaqcıl texnologiyalarla bağlı strategiya hazırlanması ya hətta onun tam mənasını başa düşülməsi bu gün iqlim dəyişikliyi qədər vacib problemdir və bunun həm texnologiyadan, həm də tarixdən başı çıxan liderlər tələb olunur.

Sülh və düzən arzusunun bəzən bir-birinə zidd görünən iki komponenti var: təhlükəsizlik elementlərinin axtarışı və barışıq aktlarının tələb edilməsi. Hər ikisinə nail ola bilməsək, heç birinə nail ola bilmərik. Diplomatiya yolu çətin və məyusedici görünə bilər. Lakin ona doğru irəliləyiş həm uzaqgörənlik, həm də cəsarət tələb edir.

Texnologiyalar sahəsində bütün (qırmızı) hüdudlar aşıldıqda, yüksək texnologiyalar standart silaha çevrildikdə və kompüterlər həmin strategiyanın əsas icraçıları olduqdan sonra dünya (bunu qarşısında-red.) hər hansı konsepsiyası olmayan bir vəziyyətdə olacaq. Kompüterlər geniş miqyasda strateji təlimatlar tərtib etdikdə və bunlar insanların faliyyətini məhdudlaşdırdıqda və təhdid etdikdə liderlər buna nəzarəti necə həyata keçirə bilər? Bu cür ziddiyyətli informasiyalar, qavrayışlar və dağıdıcı imkanlar girdabının ortasında sivilizasiyanı necə xilas etmək olar?"

Milli.Az


Etiketlər:  Başqa bir dünya müharibəsindən necə qaçmaq olar Henri Kissincer


RƏYLƏR