Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2022 17:57
Prezident İlham Əliyev "AYNA" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Fərman imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Fərmanla "Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1463 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alınır:
1. "AYNA" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:
1. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə "AYNA" informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün;
2. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Hökumət buludu" (G-cloud) Konsepsiyası"na uyğun olaraq, "AYNA" informasiya sisteminin "Hökumət buludu"nda yerləşdirilməsini təmin etsin;
3. "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, "AYNA" informasiya sisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılsın və İcbari Sığorta Bürosuna tövsiyə edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş "AYNA" informasiya sistemi haqqında Əsasnamə"nin 5.2-ci bəndində nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə 1 il müddətində zəruri tədbirlər görsünlər və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.