Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2023 08:54
YAP-çı deputat: "Cinayəti sübut edilmiş şəxsin hakim partiyada nə işi ola bilər?"
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvlüyündən də çıxarıla bilər. Yada salaq ki, YAP-ın iki il əvvəl keçirilən son qurultayında partiyanın yeni İdarə Heyəti formalaşıb. Əvvəllər 20 nəfərdən ibarət olan İdarə Heyətinin tərkibi 40 nəfərə qaldırılıb. 1995-ci ildən hakim partiyanın Naxçıvan MR təşkilatının sədri olan Vasif Talıbovla bağlı hələ ki, rəsmi açıqlama verilməsə də, YAP-ın rəsmi veb-səhifəsində Naxçıvan MR təşkilatı ilə bağlı bölümdə sədr vəzifəsi boş göstərilib.
Ali Məclis sədrliyindən istefa verəndən sonra Vasif Talıbovun həm sədrlikdə, həm də İdarə Heyətində saxlanılacağı inandırıcı görünmür. Naxçıvan Ali Məclisinin iki gün əvvəl keçirilən sessiyasında 25 saylı Naxçıvan şəhər Seçki Dairəsindən seçilən deputat - Seymur Talıbov və 7 saylı Aralıq Seçki Dairəsindən seçilən deputat Vasif Talıbov iştirak etməyiblər.
İddialara görə, YAP rəhbərliyində təmsil olunan bəzi şəxslər onun partiya sıralarından uzaqlaşdırılmasını tələb edirlər. Bir müddət əvvəl partiyanın yaradılmasının 30 illik yubileyi münasibətilə Bakıda keçirilən tədbirə buraxılmaması da yaxın zamanlarda onun partiya ilə yollarının ayrıla biləcəyi ehtimalını yaradırdı.
Təcrübə göstərir ki, hakimiyyət komandasından uzaqlaşdırılan məmurlar adətən YAP-dan da kənarlaşdırılır. Bu addım xüsusilə cəmiyyətdə mənfi reputasiyaya malik məmurlarla bağlı atılır. Korrupsiya ittihamı ilə həbs edilən sabiq icra başçıları və digər məmurların YAP-dan çıxarılması buna nümunə ola bilər.Yada salaq ki, Prezident Administrasiyasının rəhbəri vəzifəsini itirdikdən sonra Ramiz Mehdiyev İdarə Heyətindən çıxarılmışdı. O, yeni yaradılan Veteranlar Şurasının üzvü kimi saxlanılmışdı. İstefasından dərhal sonra haqqında media orqanlarında tənqidi materialların yer alması onunla bağlı proseslərin hələ davam edəcəyini göstərir. YAP-dakı mənbələr də hesab edir ki, Vasif Talıbovun artıq hakim partiyanın üst qurumlarında təmsilçiliyi məqsədəuyğun sayılmır. Korrupsiya və müxtəlif qanunsuzluqlarda ittiham edilən, barəsində demək olar ki, hər gün yeni-yeni neqativ faktların dərc olunduğu Vasif Talıbovun YAP-ın rəhbərliyində təmsil olunması hakim partiyanın nüfuzuna xələl gətirə bilər. Ona görə də keçmiş "xan"ın yaxın vaxtlarda YAP-ın İdarə Heyətindən də uzaqlaşdırılacağı gözlənilir. Ehtimal olunur ki, bu, onun "könüllü" istefası ilə baş verəcək.
Sonxeber.net bildirir ki, hakim partiyanın Nəzarət Təftiş Komissiyasının (NTK) üzvü, deputat Elman Nəsirov "Yeni Müsavat"a deyib ki, YAP İdarə Heyətinin NTK üzvlərinin iştirakı ilə Vasif Talıbovla bağlı hər hansı müzakirə aparılmayıb: "Hazırda bu məsələ haqda heç bir məlumata malik deyiləm. Mətbuatdan prosesləri izləyirik. Bilirik ki, bu gün Naxçıvanda çox ciddi siyasi proseslər həyata keçirilməkdədir. Naxçıvanda da idarəetmənin Qarabağ modeli tətbiq olunub, Prezidentin xüsusi nümayəndəsi təyin olunub. Aparılan əməliyyat-istintaq tədbirləri çərçivəsində nazirləri bir neçəsi həbs olunub. Hazırda proses davam edir və mənə elə gəlir ki, məntiqi sonuna kimi davam edəcək. Prosesin sonunda bu və ya digər məntiqi addımların atılması da istisna deyil".
Deputat xatırladıb ki, hakim partiyanın NTK üzvü olaraq Vasif Talıbov və oğlu ilə bağlı müzakirələrdən məlumatsızdır: "Vasif Talıbovun və oğlunun hakim partiya sıralarından istefa ərizələri vermələri ilə bağlı məlumatsızam. Bununla bağlı hələ ki hər hansı bir müzakirə olmayıb. Hakim partiyanın Naxçıvan bölməsinə Vasif Talıbov rəhbərlik edirdi. Ancaq mətbuatda yazılan məlumata görə, hazırda Naxçıvan bölməsinin saytında sədr olaraq adı artıq yoxdur. Bunu mətbuatdan oxumuşam. O və oğlunun YAP-dan istefa üçün müraciət etmələri haqda eşitməmişəm".
"Çox ciddi faktlara əsaslanan rüşvət və korrupsiya ittihamları ilə üz-üzə qalan Vasif Talıbovla oğlu hakim partiyada nə vaxta qədər qala bilərlər" sualına deputat belə cavab verdi: "Vasif Talıbov işdən çıxmaq haqda ərizə ilə müraciət etdi və bunu səhhəti ilə əlaqələndirdi. Hazırda müvafiq orqanlar Naxçıvanda istintaq aparır. İstintaq gedişində Vasif Talıbovun və oğullarının əməllərində cinayət tərkibi hüququ baxımdan təsdiqini taparsa, hüquq baxımdan sübut edilərsə ki, bu şəxslərin əməllərində cinayət tərkibi var, artıq fərqli reallıq yaranır. İndiki reallığa görə o, səhhəti ilə bağlı işdən çıxıb. Perspektivdə yeni reallıq yaranarsa, ona münasibətdə yeni şərtləri diktə edəcək. Belə olan təqdirdə qaldırılan sualdakı məsələyə YAP Nəzarət Təftiş Komissiyasında baxılacaq".
"Korrupsiya və rüşvət ittihamı elan olunmuş şəxslər hakim partiya sıralarında qalırmı" sualına deputat belə cavab verib: "Partiya üzvünün fəaliyyətində cinayət tərkibi qeydə alınırsa, həmin şəxs partiya sıralarında qala bilməz. Vasif Talıbova gəlincə, biz onun fərqindəyik ki, Naxçıvanda hüquq-mühafizə orqanları çox ciddi əməliyyat-istintaq tədbirləri həyata keçirib. Bu tədbirlərin nəticəsi olaraq Vasif Talıbov və oğullarının əməllərində cinayət tərkibi müəyyən olunacaqsa, bu, tamamilə yeni reallıq yaradacaq. Cinayəti sübut edilmiş şəxsin hakim partiyada nə işi ola bilər?"