Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2019 15:27
Bakı. Mətanət Nəsibova - Trend:
Azərbaycan Prezidentinin MDB dövlət başçıları Şurasının iclasında səsləndirdiyi arqumentlər çox güclü idi və faktiki olaraq terrorçuluğa kömək edənlərin qəhrəmanlaşdırılması fonunda öz ölkəsinin dövlət ideologiyasına bəraət qazandırmağa çalışan erməni Baş nazir Paşinyanı şoka saldı.
Bunu Trend-ə şərqşünas-alim, Azərbaycan Milli Elmlər Akademiyasının Şərşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva deyib.
O bildirib ki, dövlət başçısının inandırıcı iddiaları tarixi faktlara əsaslanıb:
“Azərbaycan Prezidenti qətiyyətlə bəyan etdi ki, MDB məkanında faşizmin qəhrəmanlaşdırılmasına yer yoxdur və qeyd etdi ki, əvvəlki Ermənistan hakimiyyəti Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. Prezident xatırladıb ki, MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib və bu barədə 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında" məruzədə deyilir”.
G.Baxşəliyevanın sözlərinə görə, faşizmin köməkçisi Qaregin Njdenin ucaldılması onu göstərir ki, ermənilər tarixən terror ideologiyasına əl atıblar:
“Həqiqətən də Qaregin Njde nasistlərlə əməkdaşlıq edib, ona görə onun şəxsiyyətini ucaltmaq və qəhrəmanlaşdırmaq cəfəngdir. Ermənistanda terrorçuluq dövlət siyasəti səviyyəsinə qaldırılıb, bunu dinc azərbaycanlılara qarşı soyqırım və etnik təmizləmələr də sübut edir. Onu da qeyd etmək vacibdir ki, erməni nasistləri Rusiyada qanlı aktlar törədiblər, Moskva metrosunda, eləcə də Rusiyanın digər şəhərlərində teraktlar həyata keçiriblər. Reallıq ondadır ki, Ermənistanın əvvəlki və indiki hakimiyyətləri faşizm və qanlı terror siyasətini təbliğ ediblər və təbliğini davam edirlər. Erməni liderlər şüurlu şəkildə öz xalqını qondarma “Böyük Ermənistan” yaradılması uğrunda faciəyə sürükləyib və bu mifik ideya bu gün də erməni dövlətçiliyinin ideyalarından biridir. Qarabağ müharibəsində də cəbhdə sadə ermənilər həlak olurdu, erməni generalları əsgərlərin ərzağını əllərindən almaqla yadda qalıb”.
Akademik qeyd edib ki, dünya ictimaiyyəti Ermənistanın indiki hakimiyyətinin apardığı siyasətə öz münasibətini bildirməlidir:
“Beynəlxalq ictimaiyyət erməni millətçiliyinin həqiqi, tarixi mahiyyətini bilməlidir. Prezident İlham Əliyevin nitqi real faktlara əsaslanıb. Hesab edirəm ki, dövlətimizin başçısı Ermənistan rəhbərliyinin siyasətini tamamilə ifşa etdi və bununla da Ermənistan hakimiyyətinin terror və faşizmin təbliğatı siyasətinə dağıdıcı zərbə vurdu”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin