Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Suyuna zəhər qatıb öldürdülər, məzarından da bürünc barelyefini oğurladılar...”

“Suyuna zəhər qatıb öldürdülər, məzarından da bürünc barelyefini oğurladılar...”

Tarix: 2 Fevral 2023 00:45

Dahi bəstəkarımız Asəf Zeynallı 23 il ömür sürməsinə baxmayaraq milli musiqi sənətində silinməz iz qoyaraq milli romans və simfonik musiqinin banisi olub.

Sonxeber.net xəbər verir ki, bəstəkarın yaxın qohumu Elşanə Ağasıyeva moderator.az-a bildirib ki, Asəf Zeynallının məzarüstü abidəsi uçmaq təhlükəsi ilə üz-üzə qalıb.

"Asəf Zeynallı mənim babamın kiçik qardaşı, anamın isə əmisi idi. Bizim ən əziz qohumumuz olub. Çox təəssüflər olsun ki, onu cavan vaxtında itiriblər. Bu bizim ailədə köz bağlamış bir yaradır. Anam onunla bağlı mənə çox xatirələr danışıb. Deyirdi ki, ona musiqi məktəbində dərs deyəndə günorta yeməyi aparırdım. Çünki gündüz vaxtı işləyirdi, evə gəlməyə vaxtı yox idi. Həm teatrda, həm texnikomda, həm də hərbi orkestrdə işləyirdi. Hər şeyə tələsirdi. İstəyirdi ki, Leninqrada getsin, orada sevdiyi bir qız var idi, onunla evlənməyə hazırlaşırdı. Hətta onun üçün kələğayı da almışdı. Anama da deyirdi ki, səni özümlə Leninqrada aparacam. Çox sağlam adam olub, heç vaxt xəstə olmayıb. Qarabağa gedəndən sonra zəifləyib gəlmişdi. Özü danışırdı ki, mənə elə bir su verdilər ki, birtəhər dadı var idi. Əvvəl həmin suyu içməyib, deyiblər ki, bundan başqası yoxdur. Özü də deyirdi ki, məni zəhərlədilər. Qarabağdan qayıdan kimi xəstəxanaya düşdü, orada da vəfat etdi. Sonuncu simfoniyasını xsətəxanaya divarına yazıb vəsiyyət etmişdi ki, onu köçürsünlər. Çünki qorxurdu ki, dünyasını dəyişər, simfoniya yarımçıq qalar. Çox təəssüf ki, onun bu vəsiyyətinə heç kim əməl etməyib. Ona paxıllıq edənlər çox olub. "Uşaq suita"-sını anama həsr etmişdi" deyə Elşanə Ağasıyeva deyib.

Qohumu bəstəkarın məzarının bir müddət əvvəl baxımsız vəziyyətdə olduğuna da aydınlıq gətirib.

"Asəf Zeynallının məzarı heç vaxt baxımsız olmayıb. Dayılarım hər zaman pul verib, məzarı təmizlətdirib. Pandemiya vaxtı heç kim gedib-gələ bilmirdi. O vaxtı da mart ayı, otun yeni çıxan vaxtı idi. Ot basmışdı məzarı. Musiqiçi Mustafa Mehmandarov bunu görüb o dəqiqə uşaqlarla gəlib təmizləmişdilər. Onun məzarına nəzarət edən şəxs pandemiyada xəstələndiyi üçün məzarı baxımsız qalmışdı. Biz də ümid edirdik ki, bura baxan var. Nə biləydik ki, həmin şəxs koronavirusa yoluxub?" deyə o bildirib.
 Elşanə Ağasıyeva saytımız vasitəsilə aidiyyatı qurumlara müraciət edərək, Asəf Zeynallının məzarının 1-ci fəxri xiyabana köçürülməsini xahiş edib.

"Bu cür dahi adamları 1-ci fəxri xiyabanda dəfn edirlər. Asəf Zeynallı Tofiq Quliyevə, Qara Qarayevə dərs deyib. O qalsaydı bizim musiqimiz bilirsiniz necə zəngin olardı? Dayılarım 15-20 il bundan əvvəl Mədəniyyət Nazirliyinə müraciət etmişdilər. Həm Polad Bülbüloğlunun, həm də Əbülfəs Qarayevin nazir olduğu illərdə bizə cavab gəlmişdi ki, fəxri xiyabanda yer yoxdur. Bəzən zəng edib deyirlər ki, məzarın üstünə getmək istəyirik. Yerini deyəndə şoka düşürlər. O dəqiqə sual verirlər ki, bəs fəxri xiyabanda deyil? Cavab verirəm ki, yox. Məzarının üstündəki bürüncdən olan barelyefi oğurlayıbılar. Təxminən 10 il əvvəl baş verib bu. Konservatoriya Asəf Zeynallının adını daşıyırdı. 20 il bu adla getdi. Üzeyir Hacıbəyli dünyasını dəyişəndə gəlib xahiş etdilər ki, etiraz etmirsinizsə Üzeyir bəyin adını Milli Konservatoriyaya, Asəf Zeynallının adını isə musiqi məktəbinə verək. Bizimkilər də etiraz etməyiblər. Amma o texnikomdan da Asəf Zeynallının adını 20 il olar ki, çıxarıblar. Sənəddə adı getmir" deyə Elşanə Ağasıyeva bildirib.


Etiketlər:  Suyuna zəhər qatıb öldürdülər məzarından bürünc barelyefini oğurladılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ