Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2019 15:39
Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mehdi Mehdiyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 7 il azadlıqdan məhrum edilməsini istəyib.
M.Mehdiyevin vəkili müdafiə çıxışında cəzanın ağır olduğunu, müdafiə etdiyi şəxsə aşağı həddə cəza təyin edilməsini xahiş edib.
Məhkəmə M.Mehdiyevə son söz demək üçün vaxt verib və proses oktyabrın 21-ə təyin edilib.
İttihama görə, ev alqı-satqısı ilə məşğul olan Mehdi Mehdiyev "Yüksəliş-C" MMC və "Yeni Yasamal" MTK-dan mənzillər satıb. Sonradan məlum olub ki, həmin mənzillər başqa şəxslərə də satılıb.
"Yüksəliş-C" MMC və "Yeni Yasamal" MTK-da bir mənzilin bir neçə nəfərə satılması ilə bağlı şikayətlərdən sonra şirkətlərin rəhbəri Cahangir Alışov və digərləri həbs edilib. Bundan sonra Mehdi Mehdiyevin də əməlinin üstü açılıb.
M.Mehdiyev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin