Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fransanın işğal etdiyi ölkələrdə törətdiyi ağır cinayətlər... - FOTO

Fransanın işğal etdiyi ölkələrdə törətdiyi ağır cinayətlər... - FOTO

Tarix: 1 Mart 2023 19:34

Fransa uzun müddətdir hegemon siyasətini davam etdirməkdədir. Rəsmi Parisin müxtəlif regionlarda, o cümlədən Cənubi Qafqazdakı ambisiyaları çoxlarına məlumdur. Prezident Emmanuel Makronun səsləndirdiyi bəyanatların xeyli hissəsinə nəinki Fransa xalqı, heç bəlkə özü də inanmır. Təsadüfi deyil ki, Fransa vətəndaşları hər fürsətdə Makronu şillələyir, ona yumurta atırlar. Belə kadrları dəfələrlə görmüş, bu barədə xəbərləri çox oxumuşuq.

Milli.Az report-a istinadən xəbər verir ki, Fransada Makronun təqdim etdiyindən fərqli olaraq demokratiyadan əsər-əlamət yoxdur. Təkcə Fransa vətəndaşları deyil, ədalətli dünya dövlətlərinin hər biri bunu aydın görür.

Qeyd etmək lazımdır ki, yer kürəsinin 50-dən artıq dövlətinin ərazisini işğal etmiş, həmin dövlətlərin sərvətlərini talan etmiş, xalqlarını uzun illər əsarətdə saxlayan Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq və müharibə cinayətləri beynəlxalq ictimaiyyət tərəfindən hələ də lənətlənir. Beləliklə, Fransanın işğal etdiyi ölkələrdə törətdiyi ağır cinayətləri təqdim edirik:

Müstəmləkə illərində Fransa silahlı qüvvələri tərəfindən etnik və dini mənsubiyyətinə görə 2 milyondan artıq dinc sakin kütləvi surətdə qətlə yetirilib;

Əlcəzairin Reggan və İn Ecker adlanan ərazilərində Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirilib ki, onlardan 11-i yeraltı sınaqlar olub. Fransa bu günə qədər aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri Əlcəzair tərəfinə təqdim etmir. Eyni zamanda, Fransa həmin sınaqların və tullantıların yerli əhaliyə göstərdiyi təsirlərin qiymətləndirilməsi və müvafiq kompensasiyanın alınması məsələsindən də boyun qaçırır;

Təkcə işğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa bu günə kimi həmin minaların xəritələrini Əlcəzair tərəfinə verməkdən imtina edir. Nəticədə Əlcəzair Azərbaycan kimi dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında ön yer tutur;

1830-1962-ci illəri əhatə edən Əlcəzair işğalı dövründə 1,5 milyondan artıq insan qətlə yetirilib. Əlcəzair "1,5 milyon şəhid ölkəsi" adlandırılır;

1832-ci ildə Əlcəzairin El-Uffia qəbiləsi gecə yatdığı yerdə qılıncdan keçirilib. Qadınlar və uşaqlar da daxil olmaqla 12 min adam öldürülüb. 1945-ci ildə Setif şəhərində 45 min əlcəzairli öldürülüb, həmçinin 5000-ə yaxın adam həbs olunub, habelə 99 nəfər edam, 64 nəfər ömürlük katorqa cəzalarına məhkum edilib;

1961-ci il oktyabrın 17-də onminlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxıb. Fransa polisinin açdığı atəş və etirazçıların Sena çayına atılması nəticəsində 1500-ə qədər əlcəzairli qətlə yetirilib, mindən çox şəxs həbs olunub. Bu hadisə tarixə "Sena qətliamı" kimi daxil olub;

Fransanın Paris şəhərindəki İnsan Muzeyində müstəmləkə müharibələrində öldürülən 18 000 döyüşçülərin kəllə sümükləri saxlanılır;

Fransanın işğal etdiyi Mərakeşdə 1907-ci ilin avqustunda "Kasablanka döyüşü" kimi yadda qalan hücumu nəticəsində 2 gün ərzində 3000-ə yaxın mərakeşli qətlə yetirilib;

1961-ci ildə Tunisdə Fransa hərbi bazasının bağlanmasını tələb edən 5000-ə yaxın tunisli qətlə yetirilib;

29 noyabr 1947-ci ildə Vyetnamda törədilən qətliam nəticəsində fransızlar 170-i qadın və 157-si uşaq olmaqla yüzlərlə vyetnamlını vəhşicəsinə öldürüb. 400-ə yaxın evin yandırıldığı bu qətliamlar zamanı vyetnamlı qadınlar güllələnməmişdən əvvəl fransız əsgərləri tərəfindən zorlanıb;

1994-cü ildə Fransa Ruandada "təhlükəsiz zona yaratmaq" adı altında hərbi əməliyyat keçiriblər. Nəticədə fransız silahlı qüvvələrinin və onlara qoşulan yerli münaqişə tərəfinin də iştirakı ilə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvü öldürülüb;

İkinci Dünya müharibəsinin sonlarında Fransa Seneqal, Dahomey (hazırda Benin), Fransız Sudanı (hazırda Mali), Fil Dişi Sahili, Ubangi-Şari (hazırda Mərkəzi Afrika Respublikası), Niger, Çad, Qabon və Toqodan olan atıcıları etnik fransız əsgərləri ilə əvəz edərək qoşunları "ağartmağa" başladı. Daha sonra minlərlə əsgər fransız şəhərlərindən Thiaroye düşərgəsinə tərxis edildi. Tərxis edilmişlərin əksəriyyəti müavinətlərin, əməkhaqqı borclarının və əmanət kitablarına yazılmış əmanətlərinin ödənilməsini tələb edərək, düşərgəni tərk etməkdən imtina etdilər. Nəticədə geniş vüsət alan narazılığın qarşısını almaq üçün fransız hərbçiləri qara dərili hərbçilərə qarşı atəş açdı. Nəticədə 300-ə qədər insan öldürüldü. Bu hadisə tarixə Thiaroye qətliamı kimi düşüb. Fransa tərəfi baş vermiş hadisənin təfərrüatını gizlətmək üçün bu günə qədər arxivləri tam şəkildə açmayıb;

1967-ci ilin mayında Biafra Nigeriyadan müstəqilliyini elan etmiş və bununla da ölkədə vətəndaş müharibəsi başlamışdır (təxminən 3 il). Müharibə nəticəsində ölkədə minlərlə mülki şəxs, o cümlədən uşaqlar həlak olmuşdur. Qeyd edək ki, Nigeriya 1960-cı ildə Fransanı Əlcəzairdə nüvə sınağı etdiyi üçün qınamışdır və hətta Fransanın rəsmiləri ölkədən çıxartmışdır. Fransa ingilisdilli Nigeriyanı zəiflətmək üçün qeyri-qanuni siyasət yürüdürdü. Bu xüsusda Fransa gizli yollarla Biafra rejiminə silah-sursat və maliyyə yardımı göstərməyə başlamışdır. Fransanın yardımı müharibəni xeyli uzatmış, ölkədəki aclıq vəziyyətini pisləşdirmiş və 100 minlərlə insanın ölümünə səbəb olmuşdur. Beləliklə, Fransa digər ölkələrin daxili işlərinə müdaxilə etməklə separatçı rejimə dəstək verib və nəticədə günahsız insanların qətlinə bais olub;

1947-ci ildə madaqaskarlılar fransız müstəmləkə sisteminə qarşı üsyan etdilər. Üsyançılar müstəmləkə idarəsi üçün çalışan madaqaskarlılara və fransız müstəmləkəçilərinə hücum edirlər. Fransız ordusunun il ərzində həyata keçirdiyi psixoloji repressiyalarda minlərlə insan həyatını itirir: məhkumlar təyyarələrdən atılır, edam edilir, saxlanılma düşərgələrində və ya sığınacaq tapdıqları meşələrdə yorğunluqdan və ya aclıqdan ölürlər. Bu repressiyaların qurbanlarının sayı tarixçilər arasında hələ də mübahisə mövzusudur. Rəqəm 11 000 ilə 100 000 arasında dəyişir;

1950-1960-cı illərdə Kamerun xalqları Birliyi Partiyasının (UPC) rəhbərlik etdiyi geniş bir ictimai və siyasi hərəkatla qarşılaşan fransız idarəçiləri bu müstəqillik qiyamını hərbi və siyasi yollarla aradan qaldırmağa qərar verdilər. UPC-nin ləğvi, həbslər, məcburi saxlanılma, bombardmanlar, işgəncə, siyasi qətllər, fransız ordusu tərəfindən törədilən amansızlıqlar, müstəmləkəyə qarşı çıxan fəallar və mülki əhali arasında onminlərlə itki ilə nəticələnib;

23 noyabr 1946-cı ildə fransız ordusu Vyetnamın Xayfon şəhərini bombalayır. Bombardman nəticəsində əsasən mülki olan 6000 nəfər qətlə yetirilib və bu hərbi tədbir 1946-cı ilin dekabrında başlamış Hind-Çin müharibəsinə təkan verib.

Milli.Az


Etiketlər:  Fransanın işğal etdiyi ölkələrdə törətdiyi ağır cinayətlər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ