Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə bitməyən zəlzələ fırtınası - yeraltı təkanlar nə qədər davam edəcək?

Türkiyədə bitməyən zəlzələ fırtınası - yeraltı təkanlar nə qədər davam edəcək?

Tarix: 4 Mart 2023 16:22

Qardaş Türkiyədə əsrin zəlzələsindən bir aya yaxın vaxt keçir. Əfsus ki, ölkədə hələ də afterşoklar səngimir. Ara-sıra hətta özünü yetərincə güclü yeraltı təkanlar şəklində büruzə verir. Bu azmış kimi, "zəlzələ peyğəmbəri" Frank Hoogerbeets isə 2 və 9 mart tarixdə Türkiyədə yenidən güclü zəlzələnin ola biləcəyi haqda proqnoz verib.

Zəlzələnin iqtisadiyyata vurduğu zərərin həcmi günü-gündən artır.

Milli.Az xəbər verir ki, iqtisadçı-alim, AĞ Partiya başqanının iqtisadi məsələlər üzrə müşaviri Vüsalə Əhmədova "Yeni Müsavat"a bildirdi ki, zəlzələ 13,42 milyon insan yaşadığı 10 əyalətdə meydana gəlib. Mütəxəssis vurğuladı ki, bu ümumi əhalinin 15,7%-ni təşkil edir: "Fəlakət bölgəsinin iqtisadiyyatı həm kənd təsərrüfatı, həm heyvandarlıq, həm də sənaye istehsalı, xüsusilə də tekstil, dəmir-polad və enerji üzərində qurulub. Zəlzələdən zərər çəkmiş 10 əyalətin ÜDM-də payı 9,3% təşkil edir. Sektorlar üzrə baxsaq, ölkənin kənd təsərrüfatı istehsalının 20,9%-ni, taxıl və bitki istehsalının 12%-ni bu bölgə qarşılayır. O cümlədən, iribuynuzlu heyvanların 12%-i, kiçikbaş heyvanların 16,3%-i, əkilən kənd təsərrüfatı torpaqlarının 14,5%-i bölgənin payına düşür. Zəlzələdən sonra kənd təsərrüfatı istehsalının əhəmiyyətli dərəcədə geriləməsi qeydə alınıb. Zəlzələ nəticəsində heyvan tələfatı da baş verdi və zəlzələdən sonra bölgədə xüsusilə yem problemi də yaşanır. Bu səbəbdən də, hazırda Türkiyədə ət və ət məhsullarının qiymətində, o cümlədən, meyvə və tərəvəz qiymətlərində kəskin bahalaşma var".

V.Əhmədova qeyd etdi ki, xarici ticarətə nəzər saldıqda zəlzələdən təsirlənən bölgə Türkiyənin ümumi ixracın 8.7%-ni, idxalın isə 6,7%-ni reallaşdırır: "Ümumi ixrac həcminin 10,52 milyard dolları Qaziantepin, 3,56 milyard dolları Hatayın, 3 milyard dolları Adananın, və 1,76 milyard dolları Kahramanmaraşın payına düşür. Məsələn, Kahramanmaraş Türkiyənin iplik istehsalının 36%-ni həyata keçirir, Qaziantep dünyanın xalça istehsalının 60%-nə ev sahibliyi edir. Ən çox dağıntıların da bu şəhərlərdə olduğunu nəzərə alsaq, ümumi hesabla götürsək, Türkiyə ixracatında 15 milyard dollarlıq bir geriləmə yaşanacaq.

Kütləvi zəlzələ nəticəsində dağılmış xəstəxanaların, yolların və elektrik ötürücü xətlərin yenidən qurulması, o cümlədən, qısa, orta və uzunmüddətli sığınacaq ehtiyacları üçün milyardlarla dollar tələb olunur. Zəlzələnin yaratdığı dağıntıların aradan qaldırılması üçün bir çox mal və xidmətə tələb yaranır, nəticədə dövlət xərclərində artım baş verir. Bu da inflyasiyanın 50%-ə  yüksələcəyini göstərir. Milyonlarla zəlzələ qurbanının ehtiyaclarını ödəmək üçün ciddi tələb artımı olacağını nəzərə alsaq, dollar kursunda yeni yüksəlmələr yarana bilər".

Mütəxəssis hesab edir ki, iqtisadi azalma 6-12 aya kompensasiya edilə bilər: "Növbəti dövrdə, zəlzələdən zərər çəkmiş şəhərlərin iqtisadiyyatlarını canlandırmaq üçün vahid istehsal strategiyasına ehtiyac var. Üzvi əkinçilik, müasir heyvandarlıq və qastronomiya kimi fərqli həll yollarına üz tutmaq lazım gəlir. Zəlzələ nəticəsində hər zaman ən çox evlərə ciddi ziyan dəyir. Bunun üçün ilk mərhələdə çadır şəhərləri salınır, daha sonra müvəqqəti sığınacaqlar təmin edilir. Müvəqqəti yaşayış evlərinin tikintisində ən çox prefabrik sistemə üstünlük verilir, istər digər ölkələrdə, istərsə də Türkiyədə. Sonra daimi mənzil tikintisinə start verilir. Müvəqqəti yaşayış yerlərində istifadə olunan materiallar, xüsusilə də taxta panellər sökülərək daimi yaşayış yerlərində istifadə oluna bilməkdədir. Bu səbəbdən də müvəqqəti yaşayış evlərinin yenidən istifadə oluna bilməsi üçün sökülməsi, quraşdırılması və daşınması prosesi daha asan olmalı, o cümlədən də, bu yaşayış evlərində istifadə olunan materialların daimi yaşayış evlərində istifadə oluna bilməsi üçün davamlı olması vacibdir. Ən əsası, zəlzələ təhlükəsi olan ölkələrdə, zəlzələ fəlakəti yaşanmazdan əvvəl istifadə müddəti bitmiş evlər sökülərək yeniləri inşa edilməlidir. Bu ölkəmizə də şamil olunur. Məlumdur ki, ölkəmizdəki böyük əksəriyyət binalar Sovet İttifaqı dövründə köhnə texnologiyalarla inşa edilib. O dövrdə tökmə beton istifadə olunmurdu, evlərə hazır beton tavanlar yerləşdirilirdi, eyni ilə də beton panellərlə quraşdırılan evlər də bura aiddir".

Ekoloq-seysmoloq Ənvər Əliyev mövzu ilə bağlı "Yeni Müsavat"a şərhində qeyd etdi ki, afterşoklar  ən çoxu 6 ay çəkir: "İki məqama diqqət etmək lazımdır: Yerlə Ayın yaxınlaşması və Saturnla Merkuri planetlərinin qoşalaşması. Qədim deyimlərə görə, bu zəlzələ olacağı ehtimalı yaradır. Frank Hoogerbeetsin hansı hesablamalara əsasən açıqlama verdiyini bilmirəm. Mənə elə gəlir ki, güclü zəlzələ olma ehtimalı yoxdur. Afterşoklar 15 gün, 1 ay, ən çoxu 6 ay çəkir".

Milli.Az


Etiketlər:  Türkiyədə bitməyən zəlzələ fırtınası yeraltı təkanlar qədər davam edəcək


RƏYLƏR