Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2023 12:03
Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, Mühəndis fizikası və elektronika kafedrasının müdiri Eldar Mehralı oğlu Qocayev vəfat edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bildirib.
O qeyd edib ki, Eldar Qocayev ötən gecə vəfat edib və bu gün Badamdar qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, Qocayev Eldar Mehralı oğlu 1944-cü il dekabr ayının 10-da anadan olub. 1967-1972-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutunda işləyib, 1972-ci ildə həmin institutda namizədlik, 1985-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib, 1987-ci ildə fizika üzrə professor elmi adına layiq görülüb.
1973-1990-cı illərdə Azərbaycan Neft Kimya İnstitutunun Sumqayıt filialında əmək fəaliyyətinə başlayıb. 1976-cı ildə inistitutun Fizika kafedrasının yaradılmasında fəal iştirak edərək 1990-cı ilə qədər həmin kafedraya rəhbərlik edib.
1987-1990-cı illərdə Sumqayıt filialının elmi və tədris işləri üzrə prorektoru, 1989-cu ildə isə rektor əvəzi işləyib.
1990-1997-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında ixtisaslaşmış fakültənin dekanı işləyib, 1997-ci ildə Azərbaycan Texniki Universitetinin (AzTU) Fizika kafedrasının müdiri seçilib və 2021-ci ilin fevral ayına qədər həmin kafedraya rəhbərlik edib.
Onun rəhbərliyi ilə fizika üzrə 31 fəlsəfə doktoru, 2 fizika-riyaziyyat elmləri doktoru, 1 texnika elmləri doktoru və 1 pedaqoji elmlər doktoru dissertasiyaları müdafiə olunub. O, vəfatından öncə 2 elmlər doktorunun, 5 fəlsəfə doktorunun və 1 dissertantın elmi rəhbəri idi.
Struktur dəyişikliyi ilə əlaqədar AzTU Elmi Şurasının 09.02.2021-ci il tarixli qərarı ilə universitetdə Elektronika və Fizika kafedraları birləşdirilərək yeni kafedra - Mühəndis fizikası və elektronika kafedrası yaradılıb və həmin kafedraya rəhbərlik Eldar Qocayevə həvalə edilib.
Fizika sahəsində 530-dan artıq elmi əsərin, 11 dərsliyin və dərs vəsaitinin, 8 patentin və ali texniki məktəblər üçün "Ümumi fizika kursu" fənn proqramının müəllifidir. 300-dən çox elmi məqaləsi xarici ölkələrin nüfuzlu jurnallarında çap olunub.
O, 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar Elm Xadimi fəxri adına layiq görülüb.