Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Üç itkini ard-arda yaşadım, şokdayam, iti vurmamaq üçün maşını ağaca çırpıb ölüb”

Üç itkini ard-arda yaşadım, şokdayam, iti vurmamaq üçün maşını ağaca çırpıb ölüb”

Tarix: 30 Mart 2023 13:45

Əməkdar artist, xanəndə Sevinc Sarıyevaya ağır itki üz verib. Belə ki, sənətçinin yaxın qohumu, musiqiçi, qarmon ifaçısı Yadigar Tofiqoğlu dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, moderator.az-a açıqlama verən Sevinc xanım itkidən bərk sarsıldığını bildirib.

"Yadigar haqda o qədər planlarım var idi ki. 3-5 il idi ki, sənətdə idi. Bu o qədər də böyük illər deyil. Yaşadığı Ağcabədinin Ağabəyli kəndində qəzaya düşdü. Onun itkisi bütün nəslimiz üçün böyük dərd oldu. Özünün də heç taleyi əvvəldən gətirməmişdi. Atasını vaxtsız itirmişdi. Uzun müddət öz doğma qardaşından ayrı idi, indi-indi birləşmişdilər, qəza baş verdi. Fələk onları ayrı saldı. Musiqi barədə o qədər fikirləri var idi ki. Deyirdi ki, "gəlib konservatoriyaya sənəd verib, bu sənətin təhsilini alacağam". Xalq artisti Ənvər Sadıqovdan sənətin sirlərini öyrənmək istəyirdi. Deyirdi ki, "toyda qeyri professional musiqiləri ifa edəndə özüm-özümü bağışlaya bilmirəm". Mən də deyirdim ki, hələ ki, pul qazanmaq üçün bunları ifa etməlisən. Onunla son illərdə bir neçə toya düşmüşdüm. Dəfnində görərdiniz ki, nə qədər insanlar yığışıb gəlib, necə böyük izdiham var idi! Öz-özümə deyirdim ki, kaş şəhid olardı. Bütün şəhidlərin ruhları qarşısında baş əyirəm. Gecə toydan gələndə ağır qəzaya düşüb. İti vurmamaq üçün, maşını yolun kənarına çəkib, gedib ağaca dəyib. Mənim üçün çox ağır dərddir. Sənətə gələndə də, mənimlə məsləhət edib gəlmişdi. İmtahana da mənim evimdən getmişdi. Qardaşım oğlu kimi onu çox istəyirdim. O da hamıya fəxrlə deyirdi ki, Sevinc xanım mənim doğmamdır", - deyə sənətkar bildirib.

Sənətçi bildirib ki, hələ də şokdan ayılmayıb.

"Yadigarın dünyasını dəyişdiyi gün baldızım oğlu da, Oqtay Əliyev də qəzada dünyasını dəyişdi. 3 itkini ard-arda yaşadım. Hələ də şokdayam. Bu itkilərin acısını, ağrısını yaşamaq alnıma yazıldı. Mən bu vəziyyətdəyəmsə, gör indi onların valideynləri nə gündədir?! Neçə vaxtdır heç bir verilişə getmirəm, çağırılan dəvətləri geri çevirirəm. Hələ ki, özümdə güc tapa bilməmişəm ki, gedim efirdə qonaq olum. O halda deyiləm. Təbii ki, həyat davam edir. Yaşamaq üçün nəsə etməlisən. Ölənlə ölmək olmur. Çalışıram ki, yadımdan çıxarım. Allah heç bir ananı balası ilə imtahana çəkməsin", - deyə sənətçi bildirib.

Xanəndə bir-biri ilə qalmaqal edən həmkarlarına da səslənib.

"İnsan-insanı sevməlidir ki, yer üzündə də ölüm-itim olmasın. Çalışaq qəlb qırmayaq. Həyat həqiqətən də qısadır. Bu cür ölümləri görəndə öz-özümə deyirəm ki, nə üçün yaşayırsan?! Bir-birlərinə qarşı qəddarlaşıblar. Bilmirəm yeməkdəndir, havadandır, sudandır, nədəndir?! Zəmanə gözəl zəmanədir. Az-çox hər kəs nəsə tapıb qazanır. Allah hərəyə bir balaca səs və gözəllik verib. O səsin, sənətin dəyərini bilək. Hər insana səs, avaz, nəfəs verilmir. Heç kim, heç kimin şəxsiyyətini alçalda bilməz", - deyə sənətkar bildirib.

Milli.Az


Etiketlər:  Üç itkini ard arda yaşadım şokdayam iti vurmamaq üçün maşını ağaca çırpıb ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ