Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2019 14:35
Bakı. Trend:
Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Gürcüstandakı səfirliyinin birgə təşkilatçılığı ilə oktyabrın 21-də Marneuli şəhərindəki “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”ndə maraqlı konsert təşkil olunub.
Komitədən Trend-ə verilən məlumata görə, konsert Azərbaycan Respublikasının 18 oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr olunub. Tədbirdə səfir Dursun Həsənov çıxış edib və konsertin təşkilinə göstərdiyi dəstəyə görə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Diplomat Azərbaycanın müstəqillik tarixinə nəzər salıb, ulu öndər H.Əliyevin siyasi kursundan və bu gün həmin siyasi kursun uğurla davam etdirilməsi nəticəsində ölkəmizin daha qüdrətli dövlətə çevrilməsindən danışıb.
Daha sonra Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirliyi aparatının rəhbəri Tina Qogeliani, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev və başqaları çıxış edərək Azərbaycan xalqını bayram münasibətilə təbrik ediblər.
Tədbir iştirakçılarına maraqlı konsert proqramı təqdim olunub. “Natiq ritm qrupu” və digər musiqiçilərin çıxışları alqışlarla qarşılanıb. Azərbaycanın xalq və bəstəkar mahnıları, milli musiqi və saz havası yerli sakinlərdə xoş təəssürat yaradıb.
Paytaxt Tbilisi və Rustavi şəhərlərindən, eləcə də, qonşu Bolnisi, Qardabani, Dmanisi rayonlarından da xeyli sayda azərbaycanlı Marneuliyə gəlib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin