Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Teatr direktorları aktyorlarla hikkə edə bilməz''- Xalq artisti

''Teatr direktorları aktyorlarla hikkə edə bilməz''- Xalq artisti

Tarix: 12 May 2023 06:06

"Bizim sənət ömür qısaldan sənətdir. Camaat özünün, ailəsinin dərdini çəkə bilmir, biz aktyorlar ayda 10-15 nəfərin dərdini çəkirik. Boğazdan yuxarı da bacarmırıq. Edənlər var, amma biz etsək tamaşaçılar zalda əsnəyərlər, darıxarlar. Mənim dərdimə, sevincimə şərik olmazlar. Belə də olanda ömür qısalır. Dünyada aktyorlar tam başqa bir həyat yaşayırlar. Biz 60-70 manata çalışan insanlar olmuşuq. İldən-ilə 5 manat, 5 manat maaşımız artıb. İndi maaş görürük. Gözümüzü açmaq istəyirik ki, 65 yaşından sonra aktyoru teatrdan çıxarmaq istəyirlər. Necə olur bu? Mən bütün ömrümü, ailəmi, özümü 60 manata möhtac etmişəm, sənətdən getməmişəm, indi yaşa dolmuşam, sağollaşırlar?! Mənə elə gəlir ki, bu qanunu qəbul etməyəcəklər. Belə bir qanun qüvvəsi yoxdur. Teatr direktorları özlərindən çıxarmışdılar bu dırnaqarası qanunu. Teatr direktorları aktyorlarla hikkə edə bilməz. Cavan aktyorlara hörmətim çox böyükdür. Cavan aktyor mən yaşda olan rolu necə canlandıra bilər axı?! Teatr axı dram dərnəyi deyil. Dram dərnəyində 12-13 yaşlı uşaqlar qocanı da, cavanı da oynayırlar".

Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktyoru Cəfər Namiq Kamal deyib.

Xalq artisti illərdir oynadığı, sevilən tamaşalarının repertuardan çıxarıldığını bildirib.
 "Mən də bilmirəm ki, bunlar niyə repertuardan çıxarılır?! Qoy tamaşaçılar bu tamaşaları görsünlər də. "Qatar altına atılan qadın" tamaşasında çox maraqlı bir rol oynayırdım. Həmin obraz vaxtilə gəlib lojalarda oturub, tamaşaya baxan bir kişi rolu idi. İndi isə bomj vəziyyətindədir. Böyük dərdli bir insan roludur. Mən o rola yumor da qatmışdım. Camaatı dərdə-qəmə boğmaq istəmirdim. "Generalın son əmri" tamaşası da çox gözəl idi. Niyə də repertuardan çıxsın?! O tamaşaların yenidən səhnəyə qayıtmasını istəyirəm. Zəif tamaşaları çıxarın da, hansı ki, o tamaşalara tamaşaçı gəlmir. Amma tamaşaçıların sevdiyi tamaşanı niyə repertuardan çıxarırsan?!" deyə sənətkar bildirib.

"Hal-hazırda Akademik Milli Dram Teatrı direktorsuz qalıb. Sizcə teatrın aktyorlarından direktor ola bilərmi?" sualına sənətkar belə cavab verib.

"Mən bu yaşa çatmışam, 15-ə qədər direktor, baş rejissor görmüşəm. Direktor gəldi-gedərdi. Aktyorlar yaradıcı adamlardır. Mənə elə gəlir ki, öz işləri ilə məşğul olsalar yaxşı olar. Aktyor həmişə qalacaq. Amma direktorun biri gedib, biri gələcək. Aktyorun cavan yaşından canına teatr epidemiyası düşüb, xəstlənib. O ömrünün axırına qədər teatrda qalacaq. Mən rəva görməzdim ki, aktyorlar öz vaxtlarını başqa işlərə sərf etsinlər. Ondansa götürüb bir tamaşa işləsinlər. Təki teatrın, aktyorun qədrini bilən insan direktor gəlsin" deyə sənətkar bildirib.


Etiketlər:  Teatr direktorları aktyorlarla hikkə edə bilməz Xalq artisti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ