Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2023 11:06
Elşad Həsənov: "Apardığımız siyasət dünyanı da, Avropa Birliyini də, Amerikanı da bizim dediklərimizi təsdiqləməyə vadar edir"
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə İlham Əliyev və Nikol Paşinyanla keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında Azərbaycanın yaratdığı mühüm siyasi reallıqların qəbul edildiyini təsdiqləmiş olub. Sitat:
"Biz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsi ilə əlaqədar müzakirələri davam etdirdik. Mən Azərbaycanı beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq çərçivəsində həmin əhalinin hüquq və təhlükəsizliyinin təmin olunması ilə bağlı müsbət gündəliyin formalaşdırılmasına dəvət etdim. Mən, həmçinin, Bakının bu əhali ilə şəffaf və konstruktiv dialoq aparması zərurəti məsələsini qaldırdım. İnanıram ki, düşmənçilik ritorikasından çəkinmək, qarşılıqlı məqbul həll yollarına nail olmaq üçün xoş niyyət və liderliyin nümayiş etdirilməsi vacibdir".
Göründüyü kimi, Mişel artıq Azərbaycanın tarixin arxivinə göndərdiyi "Dağlıq Qarabağ " ifadəsinin keçmişdə qaldığını rəsmən bəyan edib.
Bundan əlavə, Şarl Mişel Azərbaycanın ərazi bütövlüyü ilə bağlı da konkret rəqəm səsləndirib:
"Sərhəd məsələlərində biz irəliləyişi və sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımları müzakirə etdik. Həmin kontekstdə liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin bərpasına dair razılığa gəldilər. Liderlər 1991-ci ilin "Alma-Ata Bəyannaməsi"nə və Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər. Sərhədlərin delimitasiyasının yekunlaşdırılması danışıqlar vasitəsilə baş tutacaq".
Bütün bunlar Azərbaycanın yaratdığı yeni reallıqların Avropa Birliyi və Ermənistan tərəfdən qəbul edildiyi anlamına gələ bilərmi?
Siyasi şərhçi Elşad Həsənov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, mayın 14 - də Brüsseldə Mişelin iştirakı ilə Azərbaycanla Ermənistan arasında keçirilən görüş 4 saat davam etdi: "Görüşdən sonra Mişelin verdiyi bəyanatda müsbət tendensiyaların olması seçilir. Burada əsasən sülh layihəsinin razılaşdırılması, sərhədlərin delimitasiyası istiqaməti üzrə konkret nəticə əldə etmək üçün ətraflı fikir mübadiləsi apardı. Eyni zamanda Mişel qeyd etdi ki, bizim fikir mübadiləmiz səmimi, açıq və məqsədyönlü oldu. Əsas diqqət münasibətlərin normallaşdırılması prosesinə yönəlir. Burada hər iki lider 91 - ci il Alma-Ata bəyənnaməsində, Paşinyanın dəfələrlə dediyi kimi, ölkələrin ərazi bütövlüklərini təsdiq ediblər. Yəni Ermənistanın tabeliyində olan bəzi kəndlərimiz həmin 86.6 kv olan əraziyə daxildir. Paşinyan özü də etiraf edir, tanıyır və həmçinin Avropa İttifaqı da bunu bilir. Azərbaycanın ərazi bütövlüyünü dünya tanıyır və Qarabağ da Azərbaycanın tərkib hissəsidir. Bunu dəfələrlə Paşinyan da, Putin də deyib. Sadəcə olaraq, Qarabağda yaşayan bir qrup revanşist qüvvələr daima orda münaqişə törədirlər və dinc yaşamaq istəmirlər. Eyni zamanda, burada diqqət çəkən məsələlərdən biri də Naxçıvana və əks istiqamətdə dəmir yolu ilə bağlı fikir mübadiləsidir. Əvvəllər Zəngəzur dəhlizi ilə bağlı söhbətlər aparılmırdı. Bu dəhlizin söhbəti 2020 - ci il 10 noyabr bəyannaməsində öz əksini tapıb. İndiyə kimi Ermənistan heç nə etməyib və bundan yayınmağa çalışıb. Həmin bəyənnamənin 4 və 9 - cu bəndləri yerinə yetirilməyib, əsas da Azərbaycan ərazisində olan erməni silahlı qüvvələri oradan çıxarılmayıb və həmin Zəngəzur dəhlizində ermənilər öz işlərini aparmayıblar. Azərbaycan isə öz üzərinə düşən məsələləri edib, həmin əraziyə qədər olan həm yolu, həm dəmir yolunu yerinə yetirib. Bunun da bu gün Mişelin dilindən səslənməsi çox maraqlıdır. Yəni artıq bu sahədə iş gedir. Burada əsas diqqət çəkən məqam ondan ibarətdir ki, Ümumdünya Gömrük Təşkilatından dəstək alınmasına dair razılığa gəliblər. Yəni dəhliz açılır, burada hansı sistem olacaq? Bununla bağlı həm Ermənistan, həm Azərbaycan Ümumdünya Gömrük Təşkilatı ilə məsləhətləşmələr aparacaq. Rusiya da çalışır ki, bu sahədə nəzarət onun əlində olunsun. Görünür, Ermənistan da, Azərbaycan da buna razı deyil. Ona görə də, onlar istəyirlər ki, Ümumdünya Gömrük Təşkilatı ilə danışsınlar. Mayın 1 - i, 4 - ü Vaşinqtonda gedən görüşlər, 14 - də Brüsseldə aparılan danışıqlar onu deməyə əsas verir ki, həm Qərb, həm Amerika Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasındakı münasibətlərin formalaşdırılmasında, sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Bunu da Ukrayna - Rusiya müharibəsi konteksində aparılması və tezliklə Cənubi Qafqazdan rusların çıxarılması istiqamətində edirlər. Eyni zamanda humanitar məsələlər - əsirlərin dəyişdirilməsi, itkin düşən adamların taleyi də müzakirə olunur. Bu görüş yenidən davam edəcək. Növbəti görüşün Moskvada keçirilməsi gözlənilir. İyunun 1 - də Avropa siyasi birliyinin zirvə toplantısında bu görüş keçiriləcək. Paşinyan çıxışlarının birində dedi ki, ola bilsin, həmin görüşdə sülh müqaviləsi imzalansın. Ancaq mən buna inanmıram. Çünki Paşinyan həmişə deyir və sonra arxasından qaçır. Eyni zamanda görüşdən sonra Daşnaksütyun Partiyasının ali təşkilatı bəyannamə yazıb ki, Paşinyan artıq Qarabağı təhvil verir və ona görə də biz bu məsələdə ciddi olmalıyıq, Paşinyanı dayandırmalıyıq. Ermənistanda müxalifətin ardıcıl mitinqlərin olması gözlənilir. Mən belə başa düşürəm ki, buna Rusiyanın bəzi siyasi dairələri də ciddi dəstək verəcəklər. Çünki onlar istəmir ki, bu münaqişə həll olsun. Ancaq bizim apardığımız sülhpərvər siyasət dünyanı da, Avropa Birliyini də, Amerikanı da bizim dediklərimizi təsdiqləməyə vadar edir. Ermənistan da, onun rəhbərliyi də bu məsələdə başqa yol olmadığını görərək, sülh müqaviləsinin bağlanmasını istəyirlər".