Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şimal-Cənub dəhlizi: Rusiya və İran qəbul etdi ki, Azərbaycan ərazisindən keçən marşrutun alternativi yoxdur

Şimal-Cənub dəhlizi: Rusiya və İran qəbul etdi ki, Azərbaycan ərazisindən keçən marşrutun alternativi yoxdur

Tarix: 18 May 2023 15:06

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi qlobal ticarət sahəsində məşhur və geniş müzakirə olunan ticarət marşrutudur. O, Rusiyadan Azərbaycan ərazisi ilə İrana və Hindistana qədər uzanaraq dəmir yolu, avtomobil və dəniz yollarının geniş sistemini əhatə edir. Dəhlizin əsas məqsədi bu mühüm marşrutun başlanğıc və yekun nöqtələri arasında ticarətin nizamlanması və təkmilləşdirilməsindən ibarətdir.

Elə dünən Rusiya və İran Rəşt-Astara dəmiryol xəttinin tikintisi barədə saziş imzalayıblar.

Rusiya dəmir yolunun bu seqmentinin inkişafına ümumilikdə 1,6 milyard avro ayırıb. Dəmir yolu tikintisi layihəsinin 48 ay ərzində yekunlaşacağı gözlənilir. 163 km-lik Rəşt-Astara dəmiryol xətti boyunca doqquz stansiyanın inşa olunması planlaşdırılır. Bu dəmiryol layihəsi uğurla yekunlaşan kimi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin effektivliyini və funksionallığını əhəmiyyətli dərəcədə artıracaq; İran, Qafqaz ölkələri, Rusiya və Şimali Avropa ölkələri ilə həyati əhəmiyyətli dəmiryol əlaqəsini formalaşdırmağa imkan verəcək.

İran tərəfinin hesablamasına görə isə, bu mühüm dəmiryol xəttinin tikintisinin başa çatması üçün ümumilikdə 4,76 milyard dollar lazımdır.

Qərbin sanksiyaları ilə üzləşən İran və Rusiya qarşılıqlı dəstək axtarır və əməkdaşlıqlarının möhkəmlənməsi üzərində aktiv şəkildə çalışırlar. Lakin aralarında ümumi sərhədlər olmadığından, ya Xəzər dənizi, ya da Azərbaycan ərazisi vasitəsilə əməkdaşlıq etmək məcburiyyətindədirlər. Belə ki, mal və resursların daha çox üstünlük verilən daşınma yolu Azərbaycandır.

Bundan əlavə, Azərbaycan region qonşuları olan Rusiya və İranın hər ikisi ilə yaxşı iqtisadi əlaqələrə malikdir. Məsələn, İranla Azərbaycan arasındakı Astara sərhəd məntəqəsindən hər gün 200-dək yük maşını keçir. Eyni zamanda İran elə həmin nəzarət-buraxılış məntəqəsi vasitəsilə Azərbaycana ixracını davamlı olaraq genişləndirməkdədir.

Azərbaycanın səyləri sayəsində Şimal-Cənub dəhlizinin ölkə ərazisindən keçən bu hissəsi tamamlanıb. Lakin dəhliz digər istiqamətlərə fokuslanan Rusiya üçün elə də vacib olmadığından tam gücü ilə fəaliyyət göstərmədi, İran isə qərar qəbulunu ləngitdi. Bununla belə, Azərbaycan öz ərazisində bu marşrutun işə salınması üçün vacib olan müasir avtomobil və dəmir yolu infrastrukturunu inkişaf etdirdi.

Azərbaycan ərazisindən keçən 1450 km uzunluğa malik Qərb marşrutu mübahisəsiz bu dəhlizin ən çox istifadə olunan və yaxşı inkişaf etmiş sahəsidir. Statistika bu yolun əhəmiyyətindən xəbər verir: 2023-cü il 1 yanvar - 28 mart tarixləri arasında qərb marşrutu ilə tranzitin həcmi 2,15 milyon tona çatıb ki, bu da 2022-ci ildə daşınmış 1,16 milyon tondan 84,37 faiz çoxdur.

Azərbaycan ərazisindən keçən nəqliyyat marşrutları indi həmişə olduğundan daha cəlbedicidir, belə ki, ölkə təhlükəsiz və sürətli tranzitə aktiv şəkildə kömək edir. Azərbaycan istifadəsi təkcə vaxta deyil, xərclərə də qənaət edən dəmiryol və şose yollarını, həmçinin dəniz qurğularını özündə birləşdirən müasir nəqliyyat infrastrukturu ilə öyünə bilər. Bu səbəbdən təəccüblü deyil ki, 2022-ci ildə Azərbaycan ərazisindən keçən tranzit yüklərinin həcmi illik hesablamada 75 faizdən çox artıb.

Tərəfdaşları İrandan dəmir yolu layihəsi ilə bağlı müəyyən irəliləyiş gözlədiyi halda İran tərəfi Fars körfəzi - Qara dəniz marşrutu üzrə Ermənistanla çalışmaq niyyətində olduğunu bildirib. Görünür, İran Ermənistanın Sovet dövründə işlək olan dəmir yollarından istifadəyə bel bağlayırmış. Lakin 44 günlük müharibədə Azərbaycanın həlledici qələbəsi bu məsələyə nöqtə qoydu. Bu kimi planların qeyri-praktikliyi hamı üçün aydın idi və bu da İran tərəfini məcbur etdi ki, Rəşt-Astara dəmir yolunun tikintisinin piroritet istiqamət olaraq qaldığını qəbul etsin.

Mürəkkəb və sürətlə dəyişməkdə olan müasir dünyada Azərbaycan Şərqlə Qərbin kəsişməsində yerləşməklə getdikcə daha cəlbedici təyinat nöqtəsinə çevrilməkdədir. Şimal-Cənub dəhlizinə əlavə olaraq Azərbaycan, həmçinin Orta Dəhliz kimi geniş bilinən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) ötürücülük qabiliyyətini artırıb. Mahiyyətcə Azərbaycan yüklərin ən sürətli, sərfəli və rahat daşınması üçün misilsiz şərait təmin edib.

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında görülən tikinti işləri oradakı iki işlək beynəlxalq hava limanı və Zəngəzur dəhlizinin potensial açılışı ilə təkcə İran və Rusiya üçün deyil, həm də bütün region üçün böyük imkanlar yaradır.

Azərbaycan özünün nəqliyyat və logistika infrastrukturunun modernizasiyasına sərf etdiyi böyük səylər sayəsində hər hansı regional və ya qlobal geosiyasi sarsıntılardan asılı olmayaraq daşınma sahəsində həlledici rolunu qoruyub saxlayır.


Etiketlər:  Şimal Cənub dəhlizi Rusiya İran qəbul etdi Azərbaycan ərazisindən keçən marşrutun alternativi yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ