Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2023 17:21
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən teatrların bölgələrə qastrol səfərləri davam edir. Layihə çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı mayın 29-u saat 18:00-da Gəncə Dövlət Dram Teatrında "Qağayı" tamaşası ilə çıxış edib.
Bu barədə teatrın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Anton Çexovun "Qağayı" əsəri əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, tərtibatçı rəssamı Telman Şıxıyevdir.
1896-cı ildə yazılmış 4 pərdəli tamaşanın personajları, əsasən, ziyalılar, yazıçılar, həkimlər və digər ailələrdən olan savadlı qaızlardır. Hər birinin özünə görə müsbət və mənfi cəhətləri vardır, hərəsi də bir cür bədbəxtdir.
Tamaşada ümumiyyətlə, tənhalıq, təzadlar və tərəddüdlər içərisində qalmış insan problemi önə çəkilir.
Səhnə əsərində Əməkdar artistlər Kəmalə Müzəffər, Şövqi Hüseynov, Rasim Cəfər, aktyorlar Səbinə Məmmədzadə, Bəhram Həsənov, Anar Seyfullayev, Sevinc Mehrəliyeva, Anar Səfiyev, Aygün Fətullayeva, Manaf Dadaşov, Nurlan Süleymanlı, Mikayıl Əliyev, Elgün Yəhyayev, Araz Pirimov, Hilal Dəmirov, Ümman Budaqov iştirak edirlər.