Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2019 12:33
Bakı. Samir Əli - Trend:
Dövlət başçısı sahibkarlıq fəaliyyətin inkişafına, bu inkişafla bağlı dövlət siyasətinə mane olan qüvvələrə qarşı sərt tədbirlərin görüləcəyini bəyan etdi.
Bunu Trend-ə açıqlamasında millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.
Deputat bildirib ki, Azərbaycanın Ümimi Daxili Məhsulda 85%-lik paya sahib olan özəl sektor iqtisadiyyatın inkişafının əsas hərəkətverici qüvvəsinə çevrilməlidir:
"Bu, aparılan iqtisadi islahatların əsas hədəflərindən biridir. Məhz bu hədəf ölkə iqtisadiyyatının sürətli inkişafını, yeni iş yerlərinin açılmasını, iqtisadiyyata daha çox investisiyaların qoyulmasını, insanların maddi rifah halının daha da yaxşılaşmasını təmin edəcək. Buna mane olan hər bir qüvvə dövlətə və xalqa qarşıdır".
T.Mirkişili qeyd edib ki, aparılan islahatlar, şəffaflaşma, vergi ödənişində yüksək etimad mühitinin yaradılması istiqamətində görülən işlər, sosial sahədə aparılan islahatlar ölkədə sürətli inkişaf üçün yeni imkanlar açdı: "Eyni zamanda, böyük ehtiyatların olması da nəzərə alınaraq daha sürətli inkişaf üçün dövlət başçısı tərəfindən yeni tapşırıqların verilməsi və bu sahənin peşəkar, vətənə bağlı kadrlara həvalə olunması yaxın gələcəkdə iqtisadiyyatda daha geniş artımı təmin edəcək".
Deputat onu da əlavə edib ki, Azərbaycan "Doing Business 2020" reytinqində 190 ölkə arasında yenə də ilk sıralarda qərarlaşıb ki, bu da ölkədə aparılan iqtisadi islahatların daha bir göstəricisidir.
Onun sözlərinə görə, sosial-iqtisadi, maliyyə, vergi və digər istiqamətlərdə dövlət tərəfindən davamlı olaraq aparılan islahatlar fonunda ölkədə iqtisadi aktivlik daha da artacaq, aşağı səviyyəli inflyasiya qorunub saxlanılacaq və növbəti illərdə əhalinin yaşayış standartlarının davamlı olaraq yaxşılaşması təmin ediləcək: "Hesabata əsasən, Azərbaycanda borcların və öhdəliklərin ümumi təsvirinə, maraqların məhkəmədənkənar müdafiəsinə imkan verilir. Azərbaycan maraqlı tərəflərlə ədalətsiz əməliyyatlara görə direktorların üzərinə məsuliyyət qoymaqla minoritar investorların müdafiəsini gücləndirib. Digər tərəfdən, Azərbaycan fiziki şəxslərin gəlirlərinin vergiyə cəlb olunması sistemini dəyişdirərək vergilərin ödənilməsini çətinləşdirib".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin