Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2019 14:24
Bakı. Trend:
Azərbaycan zəngin tolerantlıq, multikulturalizm ənənələrinə malikdir. Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündəki nitqində deyib.
Dövlət başçısı qeyd edib ki, on bir il əvvəl İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin iştirakı ilə başladığımız “Bakı Prosesi” təşəbbüsü BMT tərəfindən də dəstəklənir: "BMT-nin baş katibi Antonio Quterreş “Bakı Prosesi”ni 2008-ci ildən bəri mədəniyyətlər arasında dialoqun təbliğinin ön cəbhəsi kimi dəyərləndirmişdir. “Bakı Prosesi”nin məntiqi davamı olaraq təsis edilmiş və iki ildən bir ölkəmizdə keçirilən mədəniyyətlərarası dialoq üzrə Ümumdünya Forumu artıq BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun təşviq olunması üçün əsas qlobal platforma kimi tanınmışdır.
Hörmətli qonaqlar, əminəm ki, Zirvə Görüşü çərçivəsində aparılacaq müzakirələr Qoşulmama Hərəkatının gündəliyində duran hədəflərin həyata keçirilməsinə xidmət göstərəcəkdir. Azərbaycan Hərəkata sədrlik edəcəyi müddətdə öz prioritetlərini üzv dövlətlərlə birgə həyata keçirmək üçün ardıcıl səylər göstərəcəkdir".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin