Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2023 13:15
"Environmental Protection First" (EPF) Koalisiyasının üzvü olan "Sağlamlığa Xidmət" İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva Ermənistanın dağ-mədən sənayesinin Azərbaycana vurduğu ekoloji zərbə ilə əlaqədar BMT-də məsələ qaldırıb.
O, 22 sentyabr tarixində keçirilən Vərəmlə bağlı Baş Assambleyanın Yüksək Səviyyəli görüşündə Ermənistanın qanunsuz və heç bir ekoloji norma və standartlar gözlənilmədən apardığı dağ-mədən sənayesi işlərinin həm region insanlarının sağlamlığını, həm də region ekosistemini təhdid etdiyini bildirib.
P.Vəliyeva Baş Assambleyaya səslənərək deyib: "Təmsil etdiyim təşkilat hazırda Cənubi Qafqaz regionunda Ermənistan Respublikası tərəfindən ekoloji norma və standartları kobud şəkildə pozan dağ-mədən sənayesinin qarşısını almaq məqsədilə advokasiya fəaliyyəti aparır. Ermənistan yüksək zəhərli kimyəvi tullantıların ətraf mühitə atılmasına məsul olmaqla beynəlxalq qəbul edilmiş bir çox konvensiyaları, o cümlədən Transsərhəd kontekstdə BMT-nin Espoo Konvensiyasının tələblərini kobud şəkildə pozaraq Transsərhəd çayları çirkləndirir.
Biz insan sağlamlığına və ekosistemimizə zərər vuran, sağlamlığımızı riskə atan bütün cəhdləri pisləyirik".
Azərbaycan vətəndaş cəmiyyəti təmsilçisinin çıxışı alqışlarla qarşılanıb.