Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2023 08:45
Görmə problemləri çox vaxt genetik meyilli hesab olunurlar. Bununla belə, ümumi gündəlik vərdişlər də daxil olmaqla, görmə qabiliyyətinin zəifləməsinə səbəb olan başqa amillər də var.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu amillər haqqında sentyabrın 26-da rusiyalı oftalmoloq, mikrocərrah, lazer cərrahı, tibb elmləri namizədi Svetlana Mirqorodskaya danışıb.
Onun sözlərinə görə bu amillərdən biri yaxın məsafədən baxdıqda artan göz yorğunluğudur.
"Görmə sistemi üçün komfort iş şəraiti yalnız biz uzaq məsafəyə baxanda yaradılır. Yaxın məsafədə görmə yükü nə qədər çox olarsa, göz əzələlərinin yüklənməsi bir o qədər çox olur. Buna görə də, kompüter qarşısında işləyərkən və ya məsələn, oxuyarkən fasilə vermək lazımdır. Bir saat işlədikdən və ya oxuduqdan sonra ən azı 5-10 dəqiqə diqqətinizi yayındırıb, uzağa baxmaq lazımdır", - deyə Mirqorodskaya bildirib.
Bundan əlavə, gərginliyi artıran, əzələ spazmına və "quru göz" sindromuna səbəb olan aşağı və ya yüksək işıqlandırma şəraitində görmə orqanlarının yüklənməsi də mənfi təsir göstərir. Bu baxımdan optimal işıqlandırma şəraitində işləmək lazımdır.
"Gözə zərərli olan digər bir vərdiş də uzanmış vəziyyətdə oxumaq və kompüterdə işləməkdir. Bu vəziyyətdə işləyərkən boyun əzələlərində gərginlik artır, baş, boyun və gözlərin qan təchizatı pisləşə bilər. Bundan əlavə, göz əzələləri daha çox yüklənir - bucaq altında baxarkən gözlər təsviri "tamamlamalı" olurlar. Ona görə də uzanaraq işləməkdən, kitab oxumaqdan çəkinmək daha yaxşı olardı", - deyə oftalmoloq əlavə edib.
O, həmçinin göz sağlamlığı üçün miopiyanın (yaxındangörmə) inkişafını ləngidən dopamin və D vitamininin bədəndə kifayət qədər olmasının vacib olduğunu qeyd edib.
"Dopamin və D vitamini yalnız gün işığında ən azı iki saat gəzəndə kifayət qədər miqdarda ifraz olunur. Onların çatışmazlığına həssas olanlara əczaçılıq məhsullarının köməyi ilə bu çatışmazlığı aradan qaldırmaq tövsiyə olunur. Ancaq yalnız həkimlə məsləhətləşdikdən sonra", - deyə mütəxəssis vurğulayıb.
Bundan əlavə, onun sözlərinə görə, hormonal fonu və qanda şəkərin miqdarını izləmək vacibdir. Bunun üçün müntəzəm olaraq müayinələrdən keçmək lazımdır.