Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2019 11:52
Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda ekoturizmin inkişaf etdirilməsi məqsədilə xüsusi mühafizə olunan ərazilərin genişləndirilməsi çərçivəsində Qızılağac Milli Parkı yaradılıb, həmçinin Zaqatala-Balakən regionunda ölkədə ilk biosfer qoruğun yaradılması və turizm potensialı olan ərazilərdə ekoturizmin inkişaf etdirilməsi istiqamətində işlər aparılır.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, Milli Parklara bu ilin 9 ayı ərzində 82 680 nəfər səfər edib: “Sevindirici haldır ki, əvvəlki illərdə yalnız Göygöl Milli Parkına turist axını qeydə alınırdısa, 2019-cu ildə digər milli parklara səfər edən turist sayı orta hesabla 3 dəfəyədək artıb. Milli Parklarda 111 turizm marşrutu yaradılıb, beynəlxalq ekspertlərin iştirakı ilə “Milli parklarda ekoturizmin davamlı inkişafına dair” 2020-2023-cü illər üzrə Fəaliyyət Planının işlənilməsinə başlanılıb”.
M.Babayev vurğulayıb ki, Heydər Əliyev Fondunun və IDEA ictimai birliyinin dəstəyi ilə 12 baş Avropa bizonu Azərbaycan təbiətinə buraxılıb:
“Ceyranların tarixi ərazilərinə köçürülməsi işləri davam etdirilib və reintroduksiya olunmuş ceyranların sayı 220 başa çatdırılıb. Ovçuluq təsərrüfatlarının müasir standartlara uyğun təşkil edilməsi, zəruri infrastrukturun yaradılması və ovçuluğun sivil qaydada təşkili məqsədi ilə ovçuluq təsərrüfatlarının açıq müsabiqə yolu ilə sahibkarların uzun müddətli istifadəsinə verilməsi işləri davam etdirilir”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin