Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qadın və Kişi: Həyatın iki qütbü

Qadın və Kişi: Həyatın iki qütbü

Tarix: 4 Noyabr 2023 05:16

Son illər ərzində dünya miqyasında dəbdə olan bir mövzu ilə tez-tez rastlaşırıq: gender siyasəti. Bu istiqamətdə sosial layihələr həyata keçirilir, maarifləndirmə tədbirləri görülür, təbliğat işləri aparılır.

Amma ən maraqlı cəhət budur ki, gender siyasəti uğrunda ideoloji mübarizənin təşviqatçıları Qərb dünyası, bu mübarizənin hədəfləri isə Şərq ölkələridir. Görünür, Qərb unudur ki, bu gün demokratiya və azadlıq məkanı kimi tanıdılan torpaqlarda qadının insan kimi qəbul edilməsindən, onun ruha malik olduğunun etiraf olunmasından, seçki, səsvermə, mülkiyyət hüquqlarının tanınmasəndan lap az müddət keçib.

Və Qərb unudur ki, Avropada türkə-çarəçi təbib qadınlar inkvizisiya tonqallarında yandırıldığı əsrlərdə müsəlman Şərqində qadınlar elmin ən müxtəlif sahələrində (bəlkə də kişilərlə müqayisə ediləcək səviyyədə) fəaliyyət göstərir və uğur qazanırdılar. Çox təəssüf ki, bu gün qədim islami ənənələrə malik cəmiyyətlərdə belə, Qərbin təbliğ etdiyi gender bərabərliyini məhz Qərb təbliğatçılarının təqdim etdikləri formada qəbul edir və mənimsəyirlər. İslam dininin qadın hüquqları, cəmiyyətdə və ailədə qadın-kışı münasibətləri barədə görüşləri çox ətraflıdır. Bütün bunları bir məqalə həcmində əhatə etmək qeyri-mümkündür.

Biz burada kişi və qadının həyatdakı yeri barədə Islamın konsepsiyasını çox qısa şəkildə təqdim etməyə çalışacığıq. Bir cümlə ilə ifadə etsək, Islamda qadınla kişinin hüquq və vəzifələri bir-birilə eyniyyət təşkil etmir. Bu iki cins heç zaman bir-biri ilə eyni və bərabər ola bilməz. Burada söhbət bir cinsin o birisi üzərində üstünlüyündən deyil, bunların arasındakı prinsipial fərqlərdən gedir. Həm fiziki, həm də psixoloji baxımdan qadınla kişi arasında ciddi təvafütlər var.

Qurani-kərim məhz bu üzdən insan nəslinin yaradılışından danışarkən vurğulayır: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq" (Hücürat, 13). Hətta bəşəriyyətin Adəmdən yaradıldığını söyləyərkən belə, Allah "sizi bir kişidən yaratdım" deyil, "sizi tək bir nəfsdən xəlq etdim" ifadəsini işlətməyə üstünlük verir (bax: Nisa, 1). Alimlər izah edirlər ki, buradakı "nəfs" (ruh, can) sözü ümumilikdə insan növünü bildirir. Islam xristianlıqda olduğu kimi, Həvvanı Adəmin qabırğasından yaranmış bilmir. Xristianlıqda və yəhudilikdə olduğu kimi, Islamda şeytanın hiyləsinə uyan, qadağan edilmiş ağacın meyvəsindən yeyib özünü də, Adəmi də cənnətdən məhrum edən və dünyada ilk günahı törədən şəxs Həvva sayılmır.

Cənnətdən qovulmağın səbəbkarı bunların hər ikisidir. Qadın bütün bəşər nəslinin öz vicdanında daşıdığı, Həzrət Isanın (ə) da bunu təmizləmək üçün çarmıxa getdiyi ilkin günahın səbəbkarı deyil. Islamda qadın - kişini tamamlayan, bütövləşdirən, kişinin həyatda rahatlığını təmin edən və eləcə də, kişidən bu cür rahatlığı tələb etməyə haqqı çatan varlıqdır. İslam baxımından qadınla kişi eyni bir mahiyyətin - insanlığın iki fərqli üzüdür. Bunların bir-birindən mütləq üstünlüyü barədə danışmağa dəyməz. Çünki hər iki cinsin üstün olduğu sahələr olduğu kimi, zəif olduğu sahələr də var. Müqayisə üçün kobud səslənsə də, bir misal çəkək. Dəmirlə taxtanın hansı birininsə üstün olduğunu söyləmək mümkündürmü?

Bunların hər ikisinin öz yeri var. Çəkicin sapı taxtadan, başı isə dəmirdən olmalıdır. Əksinə olsa, çəkicin faydası olarmı? Qadınla kişi də beləcə, bir-birindən fərqlənən, bir-birini tam əvəz etməsi mümkün olmayan, amma gözəl bir harmoniya ilə bir-birini tamamlayan iki qütbdür - bəşəriyyətin iki qütbü. Qadının gücsüz olduğu həyat sahələrində kişi özünü çox rahat hiss edir. Əksinə, kişi üçün qeyri-mümkün görünən sahələrdə isə qadın öz istedadını tam şəkildə açıb göstərə bilir.

Elə buna görə Islamın bəzi hökmləri cinsi fərqlilik xüsusiyyətlərini özündə daşıyır: cihad etmək qadına vacib deyil; kişi mirasdan bir pay, qadın isə yarım pay götürür; şəriət məhkəməsində bir kişi şahidin ifadəsi iki qadın şahidin ifadəsinə bərabər tutulur; qadın kişiyə nisbətən öz bədəninin daha çox hissəsini naməhrəmdən gizlətməlidir; kişi eyni zaman ərzində dörd qadınla evli ola bildiyi halda, qadın yalnız bir kişi ilə yaşamalıdır, qızıl zinət əşyaları və ipək geyimlər qadına halal, kişiyə isə haramdır və s.

Bioloqlar çoxdan sübut ediblər ki, qadının fiziki gücü, hadisələrə psixoloji reaksiyası, hətta beyninin orta çəkisi kişiyə nisbətən xeyli fərqlidir. Təsadüfi deyil ki, istər dini, istərsə də dünyəvi mühitdə kişi rasional və məntiqi təfəkkürün, qadın isə emosional düşüncənin sahibi sayılır. Həm ailə daxilində ərlə arvadın qarşılıqlı münasibətlərində, həm evdaxili və evxarici vəzifələrin bölüşdürülməsində, həm qarşıya çıxan maddi və mənəvi problemlərin həllində, həm də övlad tərbiyəsində məhz bu fərqlilik öz həlledici müsbət rolunu oynayır.

Sonda Həzrət Əli ibn Əbu Talibin (ə) cinslər arasındakı fərqlər barədə gözəl bir kəlamını xatırlatmaq yerinə düşərdi. O həzrət buyurub:

"Qadınlarda çox gözəl görünən xüsusiyyətlər kişilər üçün ən pis cəhətlər sayılır. Bunlar məğrurluq, qorxaqlıq və xəsislikdir. Əgər qadın məğrur olsa, naməhrəm kişilərə tabe olmağı özünə sığışdırmaz (yəni yalnız ərinə məxsus olar, başqa kişilərin oyuncağına çevrilməz).

Əgər qadın xəsis olsa, özünün və ərinin malını qoruyar (yəni israf etməz, əmlaka məsuliyyətlə yanaşar). Əgər qadın qorxaq olsa, özünü hər cür təhlükədən uzaq tutar (yəni canına, namusuna, təmiz adına zərər yetirəcək məsələlərdən özünü qoruyar)".


Etiketlər:  Qadın Kişi Həyatın qütbü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ