Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Torontoda Azərbaycanın Zəfər və Bayraq günləri qeyd edilib

Torontoda Azərbaycanın Zəfər və Bayraq günləri qeyd edilib

Tarix: 15 Noyabr 2023 08:12

Kanadanın Toronto şəhərində yerləşən "Markham Konqres Mərkəzi"ndə ("Markham Convention Centre") Azərbaycanın Zəfər və Bayraq günlərinə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət qurumlarının rəsmi şəxsləri, parlament üzvləri, diplomatik korpusun təmsilçiləri, Azərbaycan icmasının və müxtəlif icmaların nümayəndələri iştirak ediblər.

Azərbaycan və Kanadanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova soydaşlarımızı bu əlamətdar tarixi günlər münasibətilə təbrik edib. O bildirib ki, Azərbaycan həqiqətlərinin, xalqımızın haqq səsinin Kanadada eşidilməsi üçün soydaşlarımız yerli ictimaiyyət və müxtəlif icmalarla birgə səmərəli fəaliyyət göstərir.

Tədbirdə çıxış edən Ontario əyalət parlamentinin üzvü, Ontario əyaləti üzrə Mental sağlamlıq və asılılıqlar naziri Maykl Tibollo Azərbaycanın Dövlət Bayrağı Gününün əhəmiyyətindən bəhs edib və icmamızı bu münasibətilə təbrik edib. Nazir Maykl Tibollonun və Markham şəhərinin meri Frank Skarpitti adından Bayraq Günü ilə bağlı təbrik bəyannamələri "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinə təqdim olunub.

Tədbir musiqi gecəsi ilə davam edib. Kanadada yaşayan sənətçilər - Azərbaycanın Xalq artisti, Prezident təqaüdçüsü Həsən Enaminin (tenor), Əliheydər Mirzəbəyovun rəhbərlik etdiyi "Vətən" Azərbaycan instrumental ansamblının, "Təbriz" Azərbaycan mahnı və rəqs ansamblının solistləri Şervin Şadpur və Polad Kaşefin ifalarında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən "Mənim Azərbaycanım" həftəsonu məktəbinin şagirdlərinin təqdim etdikləri "Qaval", "Sarı Gəlin", "Zəfər" rəqsləri və "Qarabağ" mahnısı xüsusi maraq doğurub.

Qeyd edək ki, məktəb şagirdlərinə milli rəqsləri Bakı Xoreoqrafiya Məktəbinin məzunu, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Orxan İslamov qısa müddət ərzində öyrədib.

Konsert proqramı qonaqların gur alqışları ilə qarşılanıb.

Tədbir çərçivəsində Azərbaycanın zəngin mədəni irsini əks etdirən sərgi təşkil edilib.

Milli.Az


Etiketlər:  Torontoda Azərbaycanın Zəfər Bayraq günləri qeyd edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ