Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ceyhun Bayramov Anqolanın xarici əlaqələr naziri ilə görüşüb - FOTO

Ceyhun Bayramov Anqolanın xarici əlaqələr naziri ilə görüşüb - FOTO

Tarix: 19 Yanvar 2024 16:27

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 19-cu zirvə görüşündə iştirakı məqsədilə Uqanda Respublikasına səfəri çərçivəsində Anqola Respublikasının xarici əlaqələr naziri Tete Antonio ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, görüşdə Azərbaycanın xarici siyasət kursunda Afrika qitəsi ölkələri, o cümlədən Anqola ilə əməkdaşlığın önəmli vektorlardan birini təşkil etdiyi diqqətə çatdırılıb, Azərbaycan və Anqola arasında siyasi, iqtisadi, təhsil, humanitar, ticarət və enerji sahələrində əməkdaşlığın genişlənməsi üçün əlverişli imkanların olduğu bildirilib.

Bu baxımdan, iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi və xarici siyasət qurumları arasında məsləhətləşmələrin keçirilməsinin faydalılığı qeyd edilib.

BMT, Qoşulmama Hərəkatı və digər çoxtərəfli əməkdaşlıq platformaları çərçivəsində qarşılıqlı dəstəyə əsaslanan Azərbaycan-Anqola əməkdaşlığı məmnunluqla xatırlanıb.

Humanitar sahədə, xüsusilə təhsil və müxtəlif peşə istiqamətləri üzrə mütəxəssislərin hazırlanması ilə əlaqədar iki ölkə arasındakı uğurlu əməkdaşlığın tarixi və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Anqolalı tələbələrin Azərbaycan tərəfindən Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün nəzərdə tutulmuş təqaüd proqramlarında iştirakı məmnunluqla qeyd edilib.

Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişafı üçün əhəmiyyətli olduğu vurğulanıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Etiketlər:  Ceyhun Bayramov Anqolanın xarici əlaqələr naziri ilə görüşüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ