Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peraşkinin ətrinə aldanmayın: Real təhlükə var

Peraşkinin ətrinə aldanmayın: Real təhlükə var

Tarix: 11 Fevral 2024 11:09

Bakıda yol kənarlarında, köşklərin yanında, insanların sıx olduğu küçələrdə peraşki satılan yerləri tez-tez görürük. Nəinki yerlər, şəhərin küçələrində bu yağlı qidanı plastik qablarda satanlara da rast gəlmək olur. Peraşki bir çox insanların ayaqüstü yediyi ucuz və doyumlu qida növüdür. Satılma şəraitinə baxmayaraq, bəh-bəhlə tərifləyənlər, dadından doymayanlar az deyil.

Bəs küçələrdə, toz-torpaqlı yerlərdə satılan peraşkilərin insan sağlamlığı üçün hansı riskləri var? Ümumiyyətlə, ziyanlıdırmı? Ən əsası, onlara nəzarət varmı?

"Kaspi" qəzetinin növbəti məqaləsi sözügedən problemə həsr olunub.

Peraşkilər boyat məhsullardan hazırlanır

Adının açıqlanmasını istəməyən aşpaz deyir ki, əksər yerlərdə peraşkilər boyat, köhnə məhsullardan hazırlanır: "Məsələn, əgər kartof peraşkisi bişirilirsə, hər gün yeni kartof qaynadılmır, kartoflar əvvəlcədən soyulur, qaynadılır, soyuduculara yığılır. Alver kütləvi olmadığı üçün həmin kartoflar günlərlə soyuducuda qalır. Peraşkinin xəmiri də eyni qaydada hazırlanır, boyat olur. Eyni yağdan dəfələrlə istifadə edilməsi isə, hər kəsə məlumdur".

Malın baş ətini çəkir, qiymə hazırlayırlar

Aşpaz deyir ki, ət peraşkisi kartofdan təhlükəlidir: "Qoca mal əti ucuz olur. Bununla yanaşı, adətən satılmayan ətlər dəyərindən ucuz verilir. Ən çox alınan isə, malın baş əti olur. Malın baş ətini çəkir, qiymə hazırlayırlar. Məsələn, ətin qiyməti 10 manatdırsa, keyfiyyətsiz, satılmayan əti beş manata verirlər. Müəyyən yerlər var ki, qalmış ciyərlər satılır, onu alıb sirkəyə yatızdırır və istifadə edirlər. Ona görə də yol qırağında satılan peraşkilər keyfiyyətsiz və zərərli olur. Peraşkinin ətri elədir ki, hər kəsi özünə cəlb edir. Amma yedikdən sonra çox insan mədəsində o ağırlığı hiss edir. Barmaqla sayılacaq qədər az yerlər var ki, keyfiyyətli peraşki bişirirlər. Ona görə də insanlara peraşki alarkən satılan məkana, təmizliyinə baxıb almalarını məsləhət görürəm".

Hansı qidalar təhlükəlidir?

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, yol kənarlarında, açıq havada satılan əksər qidaların bişirilməsində keyfiyyətli məhsullardan istifadə olunmur: "Belə qidalar insan sağlamlığı üçün yararsız olan və ciddi fəsadlar törədən yağlarla bişirilir. Bu təhlükə daha çox peraşki, blinçik, ponçik kimi qızartma məhsullarda var. Çünki bu məhsullar qızardılarkən istifadə olunan yağlar atılmır, təkrar istifadə olunur. Hətta bişirilən qablar təmizlənmədən növbəti günün məhsulları da o qabda hazırlanır. Tərkibi pozulan yağ və təmizlənməyən qabda bişən qidalar insanlar tərəfindən bəh-bəhlə tükədilir".

Mütəxəssis deyir ki, belə məhsulların açıq havada, açıq şəkildə satılması ikinci problemdir: "Çünki açıq satılan məhsullar külək vasitəsilə fiziki çirklənməyə məruz qalırlar. Ona görə də bu kimi qidaların qəbulu çox təhlükəlidir".

Ətri ilə insanları cəlb edir

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, peraşkilər açıq havada əvvəlki kimi, kütləvi şəkildə satılmır: "Əsasən, avtobus dayanacaqlarında tez-tez satılırdı. Ən çox da avtobus sürücülərinin sevimli qidası idi. Peraşki elə bir qida növüdür ki, ətri ilə insanları cəlb edir. Uzun müddət idi ki, peraşki biznesi ölkədə məşhur idi. Amma getdikcə, sayı azalır. Bu, çox yaxşı haldır. Hazırda şəhər mərkəzindən kənarda, rayonlarda peraşkilər yol kənarında satılır".

Tester kağızlardan istifadə olunmalıdır

Birlik sədri də vurğulayır ki, yol qırağında satılan peraşkilər insanların sağlamlığı üçün kifayət qədər zərərlidir: "Bu peraşkilər eyni yağın içində dəfələrlə qızardıldığı üçün, o yağların tərkibi dəyişir və trans yağlara çevrilir. Bu yağlar da insanda xərçəng, mədə-bağırsaq, ürək-damar xəstəliklərini yaradır və inkişaf etdirir. Bu bizneslə məşğul olanlar yağın tərkibini müəyyən etmək üçün xüsusi tester kağzılarından istifadə etməlidirlər. Əgər yağın tərkibi dəyişibsə, həmin tester kağızlarını yağa batırdıqda rəngini dəyişir. Bu zaman o yağdan istifadə etmək olmaz. Amma Azərbaycanda hansı peraşki satılan yerlərdə bu kağızlardan istifadə olunur? Bu qidanı bişirib əhaliyə satmaq, əlbəttə ki, insanların sağlamlığında ciddi izlər qoyur".

Nəzarət də aşağı səviyyədədir

Həmsöhbətimiz iddia edir ki, yol qırağında satılan peraşkilərə nəzarət də aşağı səviyyədədir: "Bu bizneslə məşğul olanlar Azərbaycan hökumətinin biznes qurmaq üçün yaratdığı rahat şəraitdən sui-istifadə edirlər. İnsanlar tədricən zəhərlənir, xəstəliklərə yoluxurlar. İnsanlara səslənirəm ki, əgər canlarının qədrini bilirlərsə, belə yerlərdən mal alıb istehlak etməsinlər".

ÜST bu məhsulların ləğv olunmasını tövsiyə edir

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər il yarım milyon insanın vaxtından əvvəl ölümünə səbəb olan toksik süni kimyəvi maddələr - trans yağlardan hazırlanmış qablaşdırılmış yeməklər, çörək məhsulları və kulinariya yağları kimi tez-tez rast gəlinən məhsulların tamamilə ləğvinə çağırıb. ÜST-dən bildirilib ki, trans yağların istehlakı nəticəsində ürək-damar xəstəliklərindən ən çox ölüm hallarının qeydə alındığı 16 ölkədən doqquzunda profilaktika siyasəti düzgün həyata keçirilmir. Bu ölkələrə Avstraliya, Azərbaycan, Butan, Ekvador, Misir, İran, Nepal, Pakistan və Cənubi Koreya daxildir.


Etiketlər:  Peraşkinin ətrinə aldanmayın Real təhlükə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ