Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xankəndidən Bakıya: Yenə tarixi qol, xoşbəxt rəqəm!

Xankəndidən Bakıya: Yenə tarixi qol, xoşbəxt rəqəm!

Tarix: 23 Fevral 2024 12:58

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Qarabağ" - "Braqa" matçının ikinci əlavə, ümumilikdə dördüncü hissəsinin uzatma dəqiqələri... Tofiq Bəhramov adına Respublika stadionunu ağzına qədər dolduran tribunlar 1/8 finalçının adına aydınlıq gətirməli olan penaltilər seriyasını gözləyir. Baş məşqçilər Qurban Qurbanovla Artur Jorje də bu zərbələri yerinə yetirəcək futbolçularla bağlı planlar qurmağa başlayıb. Elə "Qarabağ"la "Braqa"nın meydandakı oyunçuları da özlərini psixoloji olaraq bu "lotereya"ya hazırlayır. Bir nəfərdən başqa...

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, meydana sonradan daxil olan Nəriman Axundzadə qarşılaşmanın ustalıqla yanaşı bəxtin də böyük rol oynadığı penaltilər seriyasına getməyə imkan verməyib.

Son dəqiqələrdə sonadək mübarizə aparan 20 yaşlı futbolçu 120+2-ci dəqiqədə rəqib qapısına yol tapıb. Nəriman bununla da Azərbaycan futbol tarixinə yeni səhifə yazılmaşında pay sahibi olub. Avrokuboklarda 1994-cü ildə debüt edən ölkəmiz ilk dəfə 1/8 finalda təmsil olunmaq imkanı qazanıb.

Təbii ki, o qol olmasaydı da, təmsilçimiz penaltilər seriyasında qalib gələ bilərdi. Amma komandanın tarixi şansını bəxtə buraxmaq istəməyən Nəriman hesabdakı fərqi minimuma endirən (2:3) öldürücü zərbə ilə cütün taleyini əlavə vaxtda həll edib.

Gənc forvardın bu tarixi qolu bir həftə gecikmə ilə "Braqa"nın qapısına vurulub. Axundzadə hələ Portuqaliyada keçirilən səfər görüşündə cütün taleyinə böyük ölçüdə aydınlıq gətirə bilərdi. Həmin vaxt uzatma dəqiqələrində qaçırılan real qol imkanı hesabın 5:2 olmasına və "Braqa"nın ümidinin kəsilməsinə səbəb olacaqdı.

Qaçırılan imkan isə göz yaşları ilə nəticələnib. Bunu həmin vaxt matçdan sonra baş məşqçi Qurban Qurbanov da açıqlayıb: "Hələlik, onunla danışmaq imkanım olmayıb. Soyunub-geyinmə otağında Nərimanı görmədim. Yəqin ki, gizlənirdi. Qolu qaçırdıqdan sonra meydanda ağlamağa başladı. Ona inanırıq və inkişaf etmək üçün zamanı var".

Baş məşqçinin son cümləsinin nəticəsi isə özünü çox gözlətməyib. Bir həftə ağlayan və gizlənən Nəriman bu dəfə sevincindən ağlamağa yaxın olub. Qurbanov iki oyun arasındakı bir həftənin hücumçuya təsirini görüşdən sonra açıqlayıb: "⁠Çox böyüdü. Hətta gələcəkdə daha da böyüyəcək. İnsan məsuliyyətlidirsə, onun böyümək şansı çoxdur. Səfərdəki ilk matçdan sonra Nərimanın göz yaşlarına hamımız şahid olduq. O daima məşqlərdə öz üzərində çalışırdı, bazadan çıxmırdı. Allah onun əvəzini verdi. İnanıram ki, bu davamlı olacaq".

Bu, Nərimanın ilk belə tarixi əhəmiyyətə malik, həmçinin oyunun uzanmasına əngəl olan qolu deyil. Cəmi iki ay əvvəl hücumçu Azərbaycan futbol tarixində daha bir tarixi qola imza atmışdı.

Müstəqil Azərbaycan tarixində Xankəndidə keçirilən ilk matçda yeganə qolun müəllifi "Qarabağ"ın MOİK-lə duelinin taleyini həll etmişdi. 90+5-ci dəqiqədəki qol matçın əlavə vaxta getməsinə, penaltilər seriyası ehtimalının artmasına imkan verməmişdi. Xankəndidə vurulan ilk qolun müəllifi "Braqa"nın qapısına yol tapdıqdan sonra kameralara səslənərək "Tarixi oyun, yenə tarixi qol" deməklə də buna işarə edib.

Portuqaliya təmsilçisinə vurulan top Nərimanın avrokuboklarda ilk qoludur. Hesabını 11-ci matçında açan futbolçu ümumilikdə "Qarabağ"ın heyətində 7-ci dəfə fərqlənib. Xoşbəxt rəqəmə çatan forvard on minlərlə azarkeşi xoşbəxt edib. O, cari mövsümdə Premyer Liqada 4, kubokda 2 qol vurub.

Milli.Az


Etiketlər:  Xankəndidən Bakıya Yenə tarixi qol xoşbəxt rəqəm


RƏYLƏR