Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əfran İsmayılov “Qarabağ” üçün “Liverpul”u istəyir: “Bu, möhtəşəm oyun olar”

Əfran İsmayılov “Qarabağ” üçün “Liverpul”u istəyir: “Bu, möhtəşəm oyun olar”

Tarix: 23 Fevral 2024 14:42

"Qarabağ" möhtəşəm tarixə imza atdı. Onların bu qələbəsi barədə nə qədər danışsaq da, azdır".

Milli.Az xəbər verir ki, bunu İdman.Biz-ə "Qarabağ"ın sabiq futbolçusu Əfran İsmayılov deyib.

O, UEFA Avropa Liqasının pley-off mərhələsində Azərbaycan çempionunun "Braqa"nı (Portuqaliya) mübarizədən kənarlaşdıraraq, 1/8 finala yüksəlməsinə münasibət bildirib.

Veteran futbolçu bildirib ki, ümumi hesabda rəqibə 6:5 hesabı ilə qalib gəlməklə yeni tarix yazan komanda son saniyəyədək döyüşüb: "Adi bir səhv, intizamsızlıq - qırmızı vərəqə oyunu tam dəyişmişdi. Amma sevindirici haldır ki, yekunda əzimkarlıq sayəsində hər şey xeyrimizə oldu. Bütün bunların memarı baş məşqçi Qurban Qurbanovdur. Gecədən səhərə qədər sevincimizdən yata bilməmişik. 10 nəfərlə "Braqa" səddini keçməyin özü böyük bir tarixdir".

O, bu gün 1/8 final çərçivəsində baş tutacaq püşkdə "Qarabağ"a rəqib görmək istədiyi komandalarnın adını da açıqlayıb: "Potensial rəqiblər arasında "Slaviya" və "Reyncers"i münasib hesab edirəm. İstəyərdik ki, bu rəqiblərdən biri ilə düşək. Çünki belə olduğu halda yenidən tarix yazmaq şansımız var. İstənilən rəqiblə görüşdə belə həmişə "Qarabağ"a inanmışam. Daha bir mərhələ keçmək şansımız az görünsə də, hər şey ola bilər. Əgər nəzərdə tutduğum komandalarla cütlük təşkil etməsək, "Liverpul"un Azərbaycana gəlməsini istəyərəm. Çünki bu, ölkə futbolu adına möhtəşəm oyun olar".

Qeyd edək ki, UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə 15:00-da başlayacaq. Komandamızın potensial rəqibləri sırasında "Reyncers" və "Slaviya" ilə yanaşı, "Vest Hem", "Brayton", "Atalanta", "Liverpul", "Vilyarreal" və "Bayer" yer alıb.

Milli.Az


Etiketlər:  Əfran İsmayılov Qarabağ üçün Liverpulu istəyir Bu möhtəşəm oyun olar


RƏYLƏR