Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2019 01:57
Bakı. Trend:
Balakəndə əl qumbarası aşkar edilib.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Trend-ə verilən məlumata görə, noyabrın 19-u saat 14:02-də Agentliyə Daxili İşlər Nazirliyinin Balakən rayon Polis Şöbəsindən həmin rayonun Mahamalar kəndi ərazisində əl qumbarasının tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Balakən rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri, Balakən rayon Polis Şöbəsinin və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Balakənçayın sahilinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd üzərində partladıcısı (UZRQM) olan F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbarasının ətrafında 100 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 19 noyabr 2019-cu il tarixlərində 235 siqnal (əməliyyat çağırışı) əsasında 203 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Bərdə, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Xocavənd, Kürdəmir, Qazax, Quba, Lənkəran, Oğuz, Salyan, Samux, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Ucar, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Yevlax, Lənkəran, Naftalan şəhərləri ərazisində 12 ev və həyətyanı sahəyə, təmas xəttinə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilib, 1 926 ədəd partlamamış hərbi sursat (PHS), 28 717 ədəd müxtəlif çaplı patron, 12 ədəd piyada əleyhinə mina, 26 ədəd tank əleyhinə mina və 41 ədəd tank əleyhinə təlim məqsədli mina zərərsizləşdirilib, 170 270 kv.m ərazi yerüstü və 13 957 kv.m ərazi yeraltı yoxlanılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin