Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2024 22:42
Xolesterinin əsas hissəsi (75%) qaraciyərdə sintez olunur, daha az hissəsi isə (25%) orqanizmə qida ilə daxil olur.
Sonxeber.net saglamolun.az-a istinadən xəbər verir ki, xolesterin həyati vacib maddədir - bütün hüceyrələrin membranlarına daxildir, hormonların sintezində iştirak edir, beyin və immun sisteminin normal fəaliyyəti üçün vacibdir və s.
Lakin xolesterin orqanizmdə müəyyən səviyyədə olmalıdır və bu səviyyədən yüksək qalxmamalıdır. Əks halda orqanizm tərəfindən istifadə olunmamış, artıq xolesterin damarların daxilində yığılmağa başlayır ki, nəticədə damarlar daralır, onların divarları isə elastikliyini itirir, sərtləşir, damarların partlaması və ya tamam bağlanması riski artır.
Xolesterinin səviyyəsinə daim nəzarət etmək lazımdır. Söhbət əsasən "pis" xolesterindən gedir. Bəli, yaxşı xolesterin də var və bu xolesterin əksinə pis xolesterinin damarlarda yığılmasının qarşısını alır.
Bəzi çox sadə və əlçatan təbii vasitələr orqanizmdə pis xolesterinin səviyyəsini aşağı salmağa yardım edir.
Beynəlxalq profilaktik təbabət jurnalına (International Journal of Preventive Medicine) istinadla bildirir ki, bu jurnalda xolesterinin təbii vasitələrlə tənzimlənməsinə həsr olunmuş yeni araşdırmanın nəticələri dərc olunub.
Mütəxəssislər sübut edirlər ki, sarımsaq və limon şirəsinin qarışığı xolesterin və triqliseridlərin tənzimlənməsi üçün çox effektli və sadə vasitədir.
Araşdırmada 30-60 yaşlar arası insanlar iştirak edib. İştirakçılar 4 qrupa bölünüb. 1-ci qrup hər gün 20 qr sarımsaq və 1 x.q. limonun qarışığını, 2-ci qrup - yalnız sarımsaq, 3-cü qrup - yalnız limon qəbul edirdi, 4-cü qrup isə heç nə qəbul etmirdi.
Araşdırma göstərib ki, birinci qrupda olan insanlarda ümumi və pis xolesterinin səviyyəsi digər qruplarla müqayisədə əhəmiyyətli dərəcədə aşağı düşüb. Həmçinin bu qrupda olan könüllülərin arterial təzyiqi də aşağı düşüb.
Mütəxəssislər xolesterinin səviyyəsi yüksək olan insanlara hər gün limonlu-sarımsaqlı qarışığı qəbul etməyi və eyni zamanda qidalanmada yağlı qidaların miqdarını azaltmağı tövsiyə edirlər.