Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2024 08:15
Orta əsr Avropasında 25 milyon insanın ölümünə səbəb olduğu təxmin edilən vəba epidemiyasının düşünüldüyündən fərqli şəkildə yayıldığı ortaya çıxıb.
Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, "Qara ölüm" kimi tanınan vəbaya səbəb olan "Yersinia pestis" adlı bakteriya gəmiricilər və birələr arasında təbii şəkildə yayılır. Birələrin insanları sancaraq xəstəliyi ötürdüyü məlum olduğundan, bunun vəba epidemiyalarının səbəbi olduğu təxmin edilirdi.
"PLOS Biology" jurnalında dərc edilən yeni araşdırmaya görə, Avropada epidemiyanın yayılmasında başqa bir böcək də birə qədər mühüm rol oynamış ola bilər.
İnsan qanı ilə qidalanan bədən bitlərinin "Yersinia pestis" bakteriyasını daşıya biləcəyi bilinsə də, epidemiyaya səbəb olacaq qədər onları yaya bilməyəcəkləri düşünülürdü.
Tədqiqatın baş müəllifi Co Hinnbuş Avropada "Qara ölüm" epidemiyasının tibbi tarixi ilə bağlı uzun müddətdir davam edən mübahisələrə son qoymaq qərarına gəlib. Bu qeyri-müəyyənliyi aradan qaldırmaq üçün elm adamları laboratoriyada bədən bitlərinin bakteriyaları yayma sürətini araşdırıblar.
Bitlər insan dərisinin temperaturunu təqlid edən süni dəri üzərində "Yersinia pestis" olan qan nümunələri ilə qidalandırılaraq yoluxdurulublar. Bu bitlər daha sonra steril süni dəridən qan udaraq bakteriyaları müntəzəm olaraq yaymağa başlayıblar.
Tədqiqatçılar, həmçinin bakteriyaların bitlərdə "Pawlowsky" bezlərini yoluxdura biləcəyini müəyyən ediblər. Bu tüpürcək vəziləri infeksiyanı yalnız həzm sistemində daşıyan bitlərə nisbətən patogeni daha ardıcıl ötürüb. Vəzilərin ifraz etdiyi bir növ sürtkü maddəsinin bakteriyaları bitin ağzına ötürdüyü düşünülür.
Alimlərin fikrincə, bu bitlər insanları dişləyərək xəstəliyi ötürmüş və epidemiyanın yaranmasında rol oynamış ola bilərlər.