Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2024 07:45
Başgicəllənmə dedikdə ilk ağla gələn xəstəlik vertiqodur. Mütəxəssislər D vitamini çatışmazlığının da başgicəllənməyə səbəb olduğunu bildirirlər. Gündəlik həyatda tez-tez istehlak etdiyimiz qəhvə və yaşıl çayın da başgicəllənməni gücləndirdiyi qeyd olunur.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, audioloq Hande Çalışkan vertiqonun səbəblərindən, əlamətlərindən və müalicəsindən bəhs edib.
Vertiqonun əlamətləri:
"Başgicəllənmə şikayətləri xəstənin ayaq üstə dayana, qusmadan qala biləcəyi, hiss etdiklərini danışa biləcəyi səviyyədədirsə, ilk addım təcili yardıma yox, qulaq burun boğaz xəstəlikləri üzrə mütəxəssisə müraciət etmək olmalıdır.
Vertiqo xalq arasında xəstəlik kimi tanınır. Lakin bu, əslində xəstəlik deyil, bir simptomdur.
Ətrafın fırlandığını hiss etmək, cisimləri bulanıq və hərəkətdə görmək, ayağın altından yerin sürüşdüyünü zənn etmək, kimsə itələyirmiş və ya çəkirmiş kimi hiss etmək, yolda gedərkən düzgün hərəkət edə bilməmək və səndələmək vertiqo əlamətləri arasında sayıla bilər", - deyə audioloq qeyd edib.
Vertiqonun səbəbləri:
"Vertiqo daxili qulaqdakı kristalların hərəkəti nəticəsində yaranır. Ani baş hərəkətləri, hərəkətli vizual stimullara məruz qalma, uzun müddət kompüterdən istifadə və ya uzun müddət masa arxasında düzgün olmayan duruşlarda oturmaq, stress, qorxu, yuxusuzluq və bəzən də heç bir səbəb olmadan baş verə bilər.
Vertiqo şikayətinin müddəti başgicəllənməyə səbəb olan xəstəliyə, xəstənin yaşına, əlavə xəstəliklərə, xroniki vəziyyətlərə, qan dəyərlərinə, stress-narahatlıq səviyyəsinə, yuxu rejiminə, yorğunluq səviyyəsinə xəbərdarlıqlara diqqət yetirmə qabiliyyətinə və s.-ə görə dəyişir", - Hande Çalışkan deyib.
Vertiqo anında nə etməli?
"Başgicəllənmə zamanı alınması lazım olan 2 tədbir var. İlki harasa yaslanmaqdır. İstər evdə, istərsə də çöldə, hərəkət halında, uzanmış halda və ya ayaqda olmağın fərqi yoxdur. Etməli olduğunuz ilk şey sabit bir yerə yapışmaq və özünüzü qorumaqdır.
Çünki biz mütəxəssislərin ən çox qorxduğu başgicəllənmə deyil, xəstələrin başgicəllənməsi səbəbindən yıxılıb başlarını harasa vurmaları, sınıq, çıxıq hallarının yaşanması və ya zədə almalarıdır.
İkinci addım gözlərinizi geniş açıb qarşınızdakı hər hansı sabit nöqtəyə/cismə baxmaqdır. Başınız gicəllənəndə heç vaxt gözlərinizi yummamalısınız. Gözləri yummaq özümüzü təhlükəsiz hiss etməmizə səbəb ola və narahatlığımızın aradan qalxmasına kömək edəcəkmiş hissiyatı yarada bilər. Əslində isə başgicəllənmə səviyyəsini artırır və başgicəllənməyə məruz qalma müddətini uzadır.
Diqqətimizi qarşımızdakı sabit obyektə cəmləmək ətrafdakıların hərəkət etmədiyi barədə beyinə siqnallar göndərməyə kömək edir", - audioloq vurğulayıb.
Onun sözlərinə görə, vertiqo təhlükəli vəziyyətlərin əlaməti ola bilər:
"Vertiqo adətən daxili qulaqdakı tarazlıq orqanlarının balansının pozulması nəticəsində yaranan bir simptomdur. Ancaq bəzən başgicəllənmə bədəndəki digər sağlamlıq problemlərinin əlaməti ola bilər.
Məsələn, zəhərlənmə, hormonal dəyişikliklər, dəmir çatışmazlığı və ya B12 vitamini çatışmazlığı hallarında da başgicəllənmə baş verə bilər. Bundan əlavə, D vitamini çatışmazlığı da vertiqo simptomlarına səbəb ola bilər.
Buna görə başgicəllənmə ilə qarşılaşan insanların simptomlarını ciddi qəbul etmələri vacibdir.
Vertiqonun əsas səbəbini müəyyən etmək üçün mütəxəssis həkim tərəfindən ətraflı müayinə, lazımi qiymətləndirmələr və testlər aparılmalıdır. Bu sayədə başgicəllənmənin səbəbi təyin oluna, uyğun müalicə üsulları tətbiq oluna və xəstəliyin irəliləməsinin qarşısı alına bilər".
Həkim onu da qeyd edib ki, başgicəllənməni azaltmaq üçün bəzi vacib qaydalara əməl etmək lazımdır:
"Kofeinin başgicəllənməyə səbəb olduğunu göstərən bir çox akademik nəşrlər var, ona görə də kofeini mümkün qədər azaltmaq lazımdır. Kofein dedikdə təkcə qəhvə və onun törəmələri deyil, tərkibində kofein olan hər şey nəzərdə tutulur. Yaşıl çay da xəstələrdə başgicəllənmələri ən çox artıran məhsullardan biridir.
Duz istehlakının azaldılması başgicəllənmənin qarşısını almaqda mühüm rol oynayır. Turşu kimi çox duzlu qidaları yeməmək faydalı olacaq.
Qan təzyiqi və şəkəri birdən-birə azaldacaq və ya artıracaq hər cür qida, içki və fəaliyyətdən uzaq durmaq lazımdır.
Stress, yorğunluq və yuxusuzluqdan qaçmaq başgicəllənmə ilə mübarizə prosesinə müsbət təsir edəcək.
Vertiqonun müalicəsi insandan insana dəyişə bilər. Bəzi hallarda bədənin öz tarazlıq bərpa sistemləri problemi həll edir. Bu hallarda xəstə müalicə manevrləri və ya xüsusi məşqlərlə dəstəklənməlidir.
Vertiqo üçün birbaşa dərman müalicəsi yoxdur, yalnız simptomları azaltmaq üçün bəzi dərmanlardan istifadə olunur".