Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İqtisadçı: İcbari tibbi sığorta səhiyyə sistemində şəfafflığı və tibbi xidmətlərin keyfiyyətini artıracaq

İqtisadçı: İcbari tibbi sığorta səhiyyə sistemində şəfafflığı və tibbi xidmətlərin keyfiyyətini artıracaq

Tarix: 25 Noyabr 2019 18:48

Bakı. Trend:

Trend Türkdilli Dövlətlərin İqtisadçıları Birliyinin sədri, AMEA İqtisadiyyat İnstitutunun Elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayevanın müsahibəsini təqdim edir

- Rəsmiyyə xanım, 2020-ci il yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tədbiqinə başlanacaq. Ümumiyyətlə, icbari tibbi sığortanın əsas mahiyyəti nədir?

- İcbari tibbi sığorta əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistemdir. Bu sistem sığorta hadisəsi zamanı sığortaolunanların xidmətlər zərfi çərçivəsində tibbi yardım almasını təmin edir.

- Xidmətlər zərfinə nələr daxildir?

- Xidmətlər zərfi iki hissədən ibarətdir: baza və əlavə hissədən. Xidmətlər zərfinin baza hissəsinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, əlavə hissəsinə isə ixtisaslaşdırılmış tibbi yardım aiddir. Xidmətlər zərfinin baza hissəsindən Azərbaycan Respublikasının vətəndaşları, ölkəmizdə daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istifadə edə bilərlər. Xidmətlər zərfinin baza hissəsindən istifadə pulsuzdur. Baza hissəsi üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün icbari tibbi sığorta haqqı ödənilməlidir.

- İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar hansı xidmətləri əldə edə bilərlər?

- İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar aşağıdakı xidmətləri əldə edəcəklər: Təcili və təxirəsalınmaz tibbi yardım (o cümlədən ambulans xidməti); İlkin səhiyyə (ailə həkimi) xidməti; Ambulator şəraitdə müayinə və müalicə; Stasionar müalicə; Funksional-diaqnostik müayinələr (USM, KT, MRT və s.); Fizioterapevtik xidmətlər; Laborator müayinələr; Hamiləlik və doğuş xidməti; Təcili vaksinasiyalar (quduzluq, tetanus, ilan zəhəri əleyhinə və s.); Uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiya; Cərrahi əməliyyatlar (o cümlədən dəyəri yüksək olan həyati vacib açıq və qapalı ürək-damar əməliyyatları, koxlear implantasiya və s.); Müxtəlif xəstəliklər üzrə ciddi dispanser müşahidə.

- İcbari tibbi sığorta fondu hansı maliyyə mənbələri hesabına formalaşacaq?

- İcbari tibbi sığortanın maliyyələşmə mənbələri əsasən dövlət büdcəsinin vəsaitləri, icbari tibbi sığorta haqlarıdır. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanuna əsasən digər mənbələr də (bank kreditləri, icbari tibbi sığorta üzrə sərbəst vəsaitlərin investisiyaya yönəldilməsi nəticəsində əldə olunan gəlirlər və s.) mövcuddur.

- Hansı kateqoriya vəvəndaşlar üçün güzəştlər nəzərdə tutulur?

- Xüsusi kateqoriyadan olanlar (18 yaşadək şəxslər, 23 yaşınadək peşə peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslər, pensiyaçılar, sosial müavinət almaq hüququna malik şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, ərazai poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonrakı 42 gün müddətində olan qadınlar, Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar) dövlət büdcəsinin vəsitləri hesabına icbari tibbi sığorta təminatına alınacaqlar.

- İcbari tibbi sığorta haqları ilə bağlı (hansı qrupların nə qədər ödəməli olduğu) haqda nə deyə bilərsini?

- Milli Məclis və Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan şəxslər, seçkili ödənişli vəzifədə işləyənlər, habelə neft-qaz və dövlət sektorlarında çalışanlar aylıq məvaciblərinin 2%-i, işəgötürənlər isə hesablanmış əməyin ödənişi fondunun aylıq 2%-i məbləğində icbari tibbi sığorta haqqı ödəyəcəklər. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yeirən fiziki şəxslər, müstəqil ödəyicilər (iqtisadi qeyri-fəal əhali və imtiyazlı əhali qrupuna daxil olmayan bütün şəxslər) illik 120 manat ödəməklə icbari tibbi sığortadan yararlana bilərlər.

- Ölkəmizdə tədbiq olunacaq icbari tibbi sığorta mexanizminin tətbiqi zamanı hansı ölkələrin təcrübəsindən istifadə edilib?

- Ölkəmizdə icbari tibbi sığorta mexanizmi formalaşdırılarkən beynəlxalq təcrübə öyrənilmişdir. Əsasən iki ölkənin – Fransa və Latviya təcrübəsindən istifadə edilmişdir.

- İcbari tibbi sığortanın əsas üstünlükləri nədir? Əhalini sağlamlığı və keyfiyyətli səhiyyə xidməti baxımından əhəmiyyəti nədir?

- İcbari tibbi sığorta əhalinin sosial müdfiəsinin gücləndirilməsi nöqtəyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. İcbari tibbi sığortanın bir sıra üstünlükləri vardır. Belə ki, o, dünyada səhiyyənin maliyyələşməsinin ən mütərəqqi üsullarından hesab olunur. İcbari tibbi sığorta səhiyyə sistemində şəfafflığı, tibbi xidmətlərin keyfiyyətini artırır, tibbi personalın əmək haqlarını yüksəldir, əhalinin sağlamlığı daha etibarlı şəkildə qorunur, əhalinin tibbi xidmətlərə xərclədiyi vəsaitlərin payını azaldır və s.

- Müsahibəyə görə təşəkkür edirik.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İqtisadçı İcbari tibbi sığorta səhiyyə sistemində şəfafflığı tibbi xidmətlərin keyfiyyətini artıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ