Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2019 10:57
Bakı. Trend:
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsrail-Azərbaycan Dövlətlərarası Komissiyasının sədri, ətraf mühitin mühafizəsi naziri Zeev Elkin və Xarici İşlər Nazirliyinin “Avrasiya-2” şöbəsinin direktoru İtsax Karmel Kaqan ilə görüşüb.
Komitədən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan-İsrail arasında sabit dostluq münasibətləri, siyasi, iqtisadi və sosial sahələr üzrə əməkdaşlıq və səmərəli əlaqələrin mövcud olduğu bir daha ifadə olunub.
Z.Elkin böyük yəhudi icmasının yaşadığı Azərbaycanda çox gözəl multikultural mühitin olduğunu məmnuniyyətlə vurğulayıb. Qeyd edib ki, heç bir ayrı-seçkiliyə uğramadan, dinc şəraitdə yaşayan yəhudilər, hətta İsrailə repatriasiya etdikdən sonra belə Azərbaycanla əlaqələrini üzmürlər və bu da, onların orada qarşılaşdıqları millətlərarası dostluq münasibətlərindən, Azərbaycan mədəniyyətinə bağlılıqdan qaynaqlanır. Son dönəmdə İsraildə yaşayan yəhudilərin kütləvi şəkildə Azərbaycana turist səfərlərinə yollandıqları, oradakı yəhudi icmasının həyatı, onlara dair mövcud tarixi abidələrlə maraqlandıqları, bu amilin dövlətlər və xalqlarımız arasında münasibətlərin daha da yaxşılaşmasına müsbət təsir göstərdiyi bildirilib.
İsrailin Azərbaycandakı səfirlərinin də iki ölkə arasındakı münasibətlərin möhkəmləndirilməsində çox mühüm rol oynadıqları və Azərbaycana yeni təyin olunmuş səfirin də bu ənənəni səmərəli şəkildə davam etdirəcəyinə əminliyini ifadə edən nazir Azərbaycan səfirliyinin İsraildə açılmasının ən çox arzu edilən məsələ olduğunu deyib.
O, həmçinin qeyd edib ki, ölkəsində Azərbaycanda gedən siyasi proseslər daim diqqətlə izlənilir və son dövrdə dövlət strukturlarında, xüsusilə də gəncləşdirmə istiqamətində aparılan islahatlar böyük maraqla qarşılanır və İsrail rəsmiləri bunun daha bir uğurlu siyasi islahat olduğuna əmindirlər.
Nazir deyib ki, dövlətlərarası komissiyanın növbəti iclaslarından birinin Bakıda keçirilməsi planlaşdırılır: "Azərbaycanı və Bakını görməyi çox arzulayıram".
Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan-İsrail münasibətlərinə böyük önəm verildiyini qeyd edərək, iki dövlət arasındakı çoxşaxəli əməkdaşlığın uğurla davam edəcəyindən əminliyini bildirib. Qeyd edib ki, bu münasibətlərin dayanıqlı və davamlı olmasında yəhudi diasporunun rolu çox mühümdür. Xalqlarımızın tarixində çox ağrılı və unudulmayacaq hadisələrin, o cümlədən Holokost və Xocalı kimi dəhşətli faciələrin yaşandığını, yəhudilərin və azərbaycanlıların belə halların cəmiyyətdə bir daha təkrarlanmaması üçün qarşılıqlı anlaşma şəraitində müəyyən addımlar atmasının vacibliyini, Dağlıq Qarabağ münaqişəsi və ölkəmizin ərazi bütövlüyü kimi məsələlərdə İsrailin hər zaman Azərbaycanın yanında olduğunu, bu yanaşmanın aydın və dəyişilməz ifadə edildiyini nəzərə çatdırıb.
F.Muradov bildirib ki, son illər Dövlət Komitəsində müasir dövrün tələblərinə uyğun müxtəlif istiqamətli işlər aparılır, diaspor təşkilatlarının irəli sürdükləri təşəbbüslərə dəstək verilir, komitə tərəfindən bir çox layihələr təşkil olunur. Bunların arasında gənclərin diaspor fəaliyyətinə cəlb olunması, Diaspor Gənclərinin Yay Düşərgələrinin təşkili, Diaspor TV və Diaspor FM-in yaradılması, diaspor xəritəsinin hazırlanması kimi müasir yanaşmaların olduğuna diqqət cəlb edilib. Bu yaxınlarda İsraildən Azərbaycana səfər etmiş böyük nümayəndə heyətinin ölkədə çox maraqlı görüşlər keçirdiyi, təcrübə mübadiləsi aparıldığı, belə layihələrin davamlı olmasına komitə tərəfindən dəstək veriləcəyi və bu cür tədbirlərin iki xalqın münasibətlərində önəmli yer tutduğu bildirilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin