Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Heydər Əliyev Mərkəzində “Opera və moda. 7 gözəl” layihəsi təqdim ediləcək

Heydər Əliyev Mərkəzində “Opera və moda. 7 gözəl” layihəsi təqdim ediləcək

Tarix: 22 Avqust 2024 13:27

Sentyabrın 22-də Heydər Əliyev Mərkəzində "Opera və moda. 7 gözəl" adlı konsert keçiriləcək.

"SULTAN COUTURE&Co" brendinin bu layihəsi incəsənətin iki aparıcı istiqaməti - musiqi və dəbin vəhdəti ideyasını çatdırır.

Opera və moda həmişə bir-birinə sıx bağlı olub. Opera geyimləri modaya və ya əksinə - geyim dəbləri opera səhnəsinə daim sirayət edib. "Opera və moda. 7 gözəl" də səhnədə rəssam-modelyer Orxan Sultanın təqdimatında Azərbaycan kəlağayısının ornamentləri və milli geyimlərimizin elementlərini müasir ziyafət libaslarında birləşdirir.

Konsertin repertuarını Azərbaycan operaları, operettaları, romans və duetlərindəki ariyaların dünya əsərləri ilə sintezi təşkil edəcək.  Həmin gün Heydər Əliyev Mərkəzində  dünyanın aparıcı operalarından dəvət alan və ən böyük musiqi meydançalarında ifa edən vokalçılar -  Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının solisti Anastasiya Çernovolos, Azərbaycanın Əməkdar artisti, "Helikon-opera" Moskva Musiqili Teatrının dəvət olunmuş solisti Elnarə Məmmədova, Rusiyanın "Bolşoy Teatr"ının solisti Jalə İsmayılova, Özbəkistanın Əməkdar artisti, Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının və İtaliyanın "La Skala" Opera Teatrının dəvət olunmuş solisti Şirin Mamatova, beynəlxalq müsabiqələr laureatı Yana Melikayeva, Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının solistləri Yekaterina Sannikova və Yuliya Süleymanova, eyni zamanda dəvət olunmuş qonaq qismində Azərbaycanın Əməkdar artisti Ramil Qasımov çıxış edəcək.

İfaçıları dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.

Gecə ərzində Heydər Əliyev Mərkəzinin səhnəsində ifaçıların obrazı bir neçə dəfə yenilənəcək. Opera divalarının Orxan Sultanın Azərbaycanın milli geyimlərinin motivləri əsasında yaratdığı fərqli və orijinal ziyafət libaslarını həm də məşhur LEO PIZZO brendinin zərgərlik nümunələri tamamlayacaq.

Konsert proqramı ifaçıların Müslüm Maqomayevin bəstələdiyi həmişəyaşar "Azərbaycan" mahnısının birgə ifası ilə başa çatacaq.

Həmin gün Heydər Əliyev Mərkəzində sərgi də təqdim ediləcək. Ekspozisiyada "SULTAN COUTURE" tərəfindən hazırlanan müxtəlif geyimlər nümayiş olunacaq.


Etiketlər:  Heydər Əliyev Mərkəzində Opera moda gözəl layihəsi təqdim ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ