Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2019 14:57
Bakı. Trend:
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə 14 dekabr 2019-cu il tarixində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Anadangəlmə ürək-damar xəstəliklərinin müalicəsində müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
Konfransda yerli mütəxəssislər yanaşı, Türkiyə, Almaniya, İran və İtaliyanın nüfuzlu kardioloqları da iştirak edəcəklər.
Azərbaycan hökuməti səhiyyə sahəsinin inkişafına daim diqqət ayırır. Sağlam əhali – ölkənin uğurlu inkişafının zəmini və gələcək nəsillər üçün möhkəm təməldir!
Eyni zamanda, ürək-damar sisteminin xəstəlikləri, əvvəllər olduğu kimi, dünyanın bir çox ölkələrində ölümün başlıca səbəbidir, müalicəsi isə çətindir və böyük vəsait tələb edir.
Sözügedən konfransda anadangəlmə ürək-damar xəstəliklərinin diaqnostikası, müasir müalicə üsulları və metodları, bu xəstəliklərin profilaktikasında müasir yanaşmalar müzakirə olunacaq.
Dörd paneldən ibarət olan tədbirdə “Anadangəlmə ürək qüsurları, genetika, skrininq və ümumi baxış”, “Yenidoğulmuşlarda təcili vəziyyətlərdə nə etməli?”, “Anadangəlmə ürək qüsurlarında xüsusi vəziyyətlər: vaksinasiya və reabilitasiya” və “Mitral və aortal qapaqların müalicəsində innovativ yeniliklər” mövzularında çıxışlar olacaq, maraqlı mühazirələr və interaktiv diskussiyalar aparılacaq.
Konfrans iclaslarının dörd panelinin gedişində Azərbaycandan ürək cərrahı Rəşad Mahmudov “Minimal invaziv cərrahiyyə”; Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupundan professor Yalım Yalçın “Anadangəlmə ürək qüsurlarının müalicəsində invaziv kardioloji metodların rolu” mövzusunda, uşaq kardiocərrahı professor Bülent Polat “Fallo tetradasinın ümumi korreksiyasında 20 illik təcrübə” və pediatr-neonatoloq Ozan Uzunhan “Yenidoğulmuşlarda kritik anadangəlmə ürək xəstəliklərinin erkən diaqnozunda pulsoksimetriyanın rolu”, İtaliyanın Boloniya Universitetinin kardiologiya kafedrasının dosenti, kardioloq Franko Nakarella “Müasir uşaq kardiologiyasında klinik və genetik konsultasiyalar”, Almaniyanın Yunq Ştillinq Klinikasının kardioloqu Yohannes Riks “Mitral və triksupidal qapaq çatışmazlıqlarında intervensiyon yenilikləri” və professoru Gündüz Dursun “Aorta qapağı dəyişimində və koronar revaskulyarizasiyada olan yeniliklər”, İranın Genetik Mühəndislik və Biotexnologiya üzrə Milli İnstitutun həkim genetiki Saber Siamak “Ürək qüsurları və genetik xəstəliklər arasında əlaqə” və digər yüksək ixtisaslı mütəxəssislər müxtəlif mövzularda məruzələrlə çıxış edəcəklər.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən mütəmadi olaraq təşkil olunan elmi-praktik konfransların keçirməsinin əsas məqsədi yerli və beynəlxalq tibb ictimaiyyətinin mütəxəssislərini bir araya gətirməklə, ölkə səhiyyəsində yüksək texnologiyalar və innovasiyaların tətbiqi ilə bağlı nailiyyətlərin diqqətə çatdırılması və təcrübə mübadiləsinin aparılmasıdır.
Konfrans haqqında ətraflı məlumat almaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz: https://customshospital.az/anadangelme-urek-damar-xesteliklerinin-malicesinde-masir-yanashmalar/.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin