Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2024 15:42
Prezident İlham Əliyev Dövlət Kontrakt Korporasiyası - "Azərkontrakt" ASC-nin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, səhmdar cəmiyyətinin daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması sahəsində səlahiyyətlərini Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) həyata keçirəcək.
"Azərkontrakt" dekabrın 1-dən ləğv edilir.
Nazirlər Kabineti "Azərkontrakt"ın digər səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı təkliflərini 1 ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməli, qazla bağlı müqavilələr üzrə hüquq və öhdəliklərinin, eləcə də bu sahədə fəaliyyətdən əldə edilmiş aktivlərinin, o cümlədən pul vəsaitlərinin SOCAR-a və onun strukturuna daxil olan qurumlara ötürülməsinin dekabrın 1-nə qədər təmin edilməsi üçün tədbirlər görməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
İqtisadiyyat Nazirliyi "Azərkontrakt"ın balansında olan digər dövlət əmlakından istifadə ilə bağlı təkliflərini 1 ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
SOCAR daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması ilə bağlı strukturuna daxil olan qurumlar arasında səlahiyyət bölgüsünü təmin etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.