Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2024 14:00
Mən Müqəddəs Taxt-Tacın xüsusən də inteqral ekoloji təhsil sahəsində sadiqliyini və dəstəyini bir daha təsdiq edirəm.
Sonxeber.net xəbər verir ki, bunu COP29 sammiti çərçivəsində çıxışı zamanı Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin deyib.
P.Parolin zəngin ölkələri "keçmiş qərarlarının çoxunun ciddiliyini dərk etməyə" çağırıb və onları heç vaxt ödəyə bilməyəcək ağır borcu olan ölkələrin borclarını silmək barədə düşünməyə çağırıb.
"Bu, səxavət məsələsindən daha çox, ədalət məsələsidir" - deyən Parolin, hərəkətə başlamağa çağırışın birbaşa Papa Fransiskdən gəldiyini vurğulayıb.
"Xüsusilə artıq böyük iqtisadi borcla yüklənmiş bir çox ölkələrin inkişaf və uyğunlaşma potensialını daha da sarsıtmayan həllər tapmaq üçün səylər göstərilməlidir", deyən kardinal iqtisadi və ekoloji borcları "eyni medalın iki üzü" adlandırıb.
O vurğulayıb ki, tarixi kommersiya balanssızlıqları ekoloji problemlərə, qlobal Cənuba qeyri-mütənasib şəkildə təsir edən gərginliklərə səbəb olub.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.