Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2025 03:03
"Son zamanlarda gənclər arasında unutqanlıq problemi daha çox rast gəlinir".
Sonxeber.net xəbər verir ki, bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.
O, gənclərin unutqanlığının səbəblərindən bəhs edib:
"Unutqanlığa əsas səbəb hazırkı dövrdə məlumat çoxluğunun olmasıdır. Məlumat çoxluğu dedikdə, indi dövrdə sosial şəbəkə asılılığı və oradan gördüyümüz videolardır. Çünki həmin məlumatları beynimizə həqiqətən süzgəcdən keçməsi belə beyini istər-istəməz yorur.
Yəni sosial şəbəkələrdə bir videonu izlədikdən dərhal sonra digər videolar arxa-arxaya qarşımıza çıxır. Bu isə beyni yorur və yükləyir. Bu zaman beyin yükləndiyi üçün digər məlumatların analizi və qəbulunda çətinlik yaratmağa başlayır".
Ekspert qeyd edib ki, həddindən artıq dərəcədə internetdən və telefondan istifadə etmək insanlarda diqqət yayınıqlığı yaratmağa başlayır:
"Bu diqqət yayınıqlığı insanlara, xüsusən də gənclərə mənfi təsir edir. Məsələn, etdiyimiz hansısa işi beynimiz tam olaraq qəbul etmir. Çünki beynimizdə o qədər çoxlu məlumatlar olur ki, həmin məlumatlar digər məlumatların yerbəyer olmasına şərait yaratmır. Günü-gündən daha çoxlu məlumatların qəbulu, sosial şəbəkələrdə vaxt keçirtmək beynimizi yormağa başlayır. Beyin və bədən yorulduğuna görə digər şeylərə artıq zaman qalmır. Bu da unutqanlığa gətirib çıxarır".
Mütəxəssis onu da əlavə edib ki, yuxu rejiminin pozulması da yaddaşa mənfi təsir göstərir:
"Hazırkı dövrdə bəzi gənclər gecə 4-5-ə kimi oyaq qalırlar. Üstəlik, həmin zamanı sosial şəbəkələrdə keçirirlər. Doğru yuxu rejimi keçirtmədiklərinə görə istər-istəməz bədən və beyin yorulur. Bu yorulma isə 2-3 gün sonra təsir etməyə başlayır. Nəzərə almaq lazımdır ki, beyin yorulanda bədən də yorulur. Amma bədən yorulanda beyin yorulmaz. Yəni beyni yorğun olan insanlarda istər-istəməz gündəlik olaraq həyatın sürətinə yetişə bilmir və bu da öz növbəsində unutqanlıqlarına gətirib çıxarır".
Nabat Mirzəyevanın sözlərinə görə, yediyimiz qidalar da yaddaşımıza təsir edir:
"Müasir dövrdə gənclərin "fast-food"a yönəlməsi bu problemin səbəblərindən biridir. Sağlam qida qəbul etmədikdə bədən lazım olan vitaminlərlə qidalanmır. Bu isə passiv həyat şəraitini yaşamağa gətirib çıxarır. Yəni daha çox yəni oturaq həyat rejimində televizor izləyir və ya telefonla oynayırlar. Əslində, passiv həyat şəraiti də dolayı yolla yaddaş probleminə gətirib çıxarır. Hətta gənclər çox vaxt yürüş belə etmirlər. Ancaq passiv deyil, aktiv həyat yaşamaq lazımdır".
Həmsöhbətimiz fikirlərini belə yekunlaşdırıb:
"Həyat yükləri, gələcək və ailə qayğısı, habelə hər şey tez əldə etmək istəyi də insanları yorur. Bundan əlavə, depressiya və stressin gənclərə çox mənfi təsirləri mövcuddur. Bir çox gənc öz həyatlarını başqaları ilə müqayisə edərək əsəbiləşirlər. Bu da depressiya, təşvişə və sonda yaddaş probleminə səbəb olur".