Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 12:36
Bakı. İlhamə İsabalayeva – Trend:
Azərbaycanın aparıcı rayonlarının birinin icra başçısının rüşvətə, korrpusiyaya görə tutulması göstərir ki, ölkədə bu neqativ hallara qarşı çox ciddi mübarizə aparılır.
Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev dəfələrlə müşavirələrdə, ayrı-ayrı tədbirlərdəki çıxışlarında dövlət qulluqçularını xalqa ləqayətlə xidmət etməyə, əyri yollardan çəkinməyə çağırıb.
Deputat əlavə edib ki, dövlət başçısının son dövrlərdə təyin etdiyi icra başçıları ilə etdiyi söhbətlər də birbaşa cəmiyyətə mesaj kimi ötürülür.
A.Mirzəzadənin fikrincə, Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyevin, eyni zamanda Yevlaxın keçmiş icra başçısı Qoca Səmədovun hərəkətləri göstərir ki, bəzi insanlar özlərini cəzasız hiss edirlər. Bəzi məmurlar Prezidentin çağırışının onlara aid olmadığını düşünür və təyin edildikləri postdan rüşvət mənbəyi kimi istifadə edirlər:
"Amma bununla belə, dövlət özünün əsas prinsiplərini qoruyur. Dövlət daim şəffaflığın, qanuna hörmət etmənin vacibliyini bildirir, öz qulluqçularından da bu baza prinsiplərə əməl etməyi tələb edir. Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyevin də rüşvətxorluqla məşğul olma faktlarının açıqlanması bir daha onu göstərir ki, Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluqla mübarizəni öz fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edir. Heç kəsə güzəşt edilməyəcək və hər kəs belə əməllərə görə öz cəzasını mütləq alacaq. Bu, dövlət qulluğunda çalışan hər bir kəsə edilən növbəti ciddi xəbərdarlıqdır. Belə hallar aşkarlandıqca onlar məhkəmə qarşısında duracaqlar və etdiyi əməllərə görə cavab verəcəklər. Azərbaycanda onları əvəz edə bilən kifayət qədər təmiz, Prezidentə və dövlətçiliyə sədaqətli, fəaliyyətini xalqın rifahının yüksəldilməsinə yönəldən gənc kadrlar var. Dünən yayılan görüntülər də bu gün hakimiyyətin neqativ hallara qarşı barışmaz bir siyasət yürütdüyünü göstərir".
Xatırladaq ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədov və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.
Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Nizaməddin Quliyev dekabrın 20-də dövlət başçısının sərəncamı ilə tutduğu vəzifədən azad edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin