Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 15:20
İllərdir ki, toyuq dönərinin ziyanlarından danışılsa da, zəhərlənmə faktları olsa da, nədənsə hələ də bu qidaya maraq azalmır. Əsasən, universitetlərin yanında fəaliyyət göstərən dönərxanaların müştəriləri isə daha çox tələbələrdir.
Sonxeber.net bildirir ki, mələsə ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında geniş süjet yayımlanıb.
Tələbə: "Toyuq dönəri xoşladığım üçün onu alıram".
Ekspertlərin sözlərinə görə, istehlakçılar dönər alarkən, diqqətli olmalıdır.
İsa Əliyev - Qida Mühəndisi: "İstehlakçı isitfadə olunan toyuq dönəridirsə, toyuğun ətidirsə, ətin mənşəyi sertifikatını tələb etməlidir".
Dönər satanlar israrla bu iş üçün müvafiq qurumlardan icazələrinin olduğunu bildirirlər. Amma icazə ilə bağlı sənədi istəyəndə cavab tapmaqda çətinlik çəkirlər. Eyni zamanda, dönərdə istifadə olunan toyuğu haradan və nə vaxt aldıqlarını göstərən sənəd də yoxdur.
Satıcı: "Hazırda satılan toyuğun istifadə tarixi ilə bağlı sənəd gəlib, amma axşam növbəsində olan işçi harasa qoyub yerini bilmirəm".
Xatırladaq ki, bü günlərdə Gəncədə dönərxanalara yararsız toyuq əti paylayan müəssisənin fəaliyyəti aşkar edilib.
Əkbər Əliyev - AQTA-nın şöbə müdiri: "Həmin məhsulun haradan gəldiyi, mənşəyinin müəyyən olunması üçün agentliyin müfəttişləri tərəfindən izlənilmə aparılır. Məhsulun harada hazırlandığı, bazara çıxarılması prosesi müəyyən edilərək müvafiq tədbirlər görülür. Reyd zamanı müəyyən olunmuşdur ki, müxtəlif broylerlərdən toplanan toyuq ətləri sümükdən ayrılır və dönərin hazırlanması üçün ictimai iaşə müəssisələrinə ötürülür".
İsa Əliyev - Qida mühəndisi: "Əgər istehsalçı qeydiyyatsız, sənədi olmadan gizli bir şəkildə bunları istehsal edirsə, onların ən başlıca müştəriləri dönərxanalardır. Çünki bunu ucuz qiymətə dönərxanalara sata bilirlər. Dönərxanalar da 1 manata dönər satırlar. Hansı ki üzərində ayranı da verilir".
Qida Təhlükəsizliyi Agentliyi isə vətəndaşlara mənşəyi məlum olmayan yerlərdən dönər almamağı tövsiyə edir. Əgər istehlakçıların hər hansı şübhələri olarsa, bu barədə Agentliyin 1003 çağrı mərkəzinə məlumat verə bilərlər.