Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Zaman elə tez keçir ki, heç ölməyə də vaxtım qalmır''

''Zaman elə tez keçir ki, heç ölməyə də vaxtım qalmır''

Tarix: 22 Dekabr 2019 12:34

Xəbər verdiyimiz kimi, bu günlərdə xalq şairi Fikrət Qoca Yazıçılar Birliyinə şeir həsr edib. "Anam birliyim mənim" adlı şeir qurumun 85 illiyinə ithaf olunub. Qeyd edək ki, xalq şairinin "Yazıçılar Birliyim, Doğma odum-ocağım. Əliylə döyüldüyüm, Sürdülər, sürgündə oldum" misraları ilə başlayan bu şeiri sosial şəbəkələrdə xeyli müzakirələrə səbəb olub. Belə ki, izləyicilərin əksəriyyəti şeirin çox bəsit şəkildə yazıldığını bildirib, bəziləri isə onu əməkdar artist Elza Seyidcahanın şeirləri ilə müqayisə edib.

Sonxeber.net bildirir ki, şeir ətrafında gedən müzakirələr ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca musavat.com-a danışıb:

- Bu şeirimi son günlərdə yazmışam, hətta "Azərbaycan" qəzetində çap olunub.

- Bəziləri hətta bu şeiri Elza Seyidcahanın şeirləri ilə müqayisə etdi, "sanki Elza Seyidcahandan bəhrələnib" deyənlər də oldu.

- Hər kəs hər şeyi öz əxlaqı ilə görür, əxlaqı ilə yanaşır. Dəliyə ağıllı adamı göstərəndə deyər ki, "bu dəlidir", çünki özünü ağıllı sayır axı.
Beləliklə, bu şeirim 19 dekabr tarixində "Azərbaycan" qəzetində dərc edildi. Əgər şeir bu qədər pis olsaydı qəzet çap etməzdi, hər halda nüfuzlu qəzetdir.

- Ümumiyyətlə, son vaxtlar daha çox hansı mövzuda şeirlər yazırsınız?

- Çox mövzuda... Biz şairlər mövzunu əvvəlcədən planlaşdırmırıq ki. Bir də gördün gecənin bir yarısı düşüncəmə nələrsə gəlir, oturub yazıram. Yəni, əvvəlcədən nə olacağını bilmirəm.

- Son şeirlərinizdən hansını ən uğurlu hesab edirsiniz?

- Mənim 11 cilddə kitabım çıxıb. Həmin kitablarda minlərlə şeirim var. İndi məndən soruşursuz ki, hansı şeirimi ən uğurlu sayıram. O qədər var ki, indi hansını sayım?

- Məhz sonuncuları, məsələn son bir ildə yazdıqlarınızı nəzərdə tuturam.

- Ən uğurlusunu bu gecə yazdığım şeiri hesab edirəm. Hansı ki, hələ çap etməmişəm.

- Əgər sirr deyilsə, həmin şeirin mövzusu nədir?

- Yox, sirr deyil. Mövzusu belədir-zaman çox tez dəyişir, heç dayanmır, heç ölməyə də vaxtım qalmır...

- Son vaxtlar görürük ki, həvəsi olan hər kəs şeir yazır. Onların arasında tanınmışlar, deputatlar, məmurlar da az deyil. Xalq şairi kimi bu məsələyə münasibətiniz necədir?

- Ay qızım, neyniyək, olsun da, necə deyərlər, "azarını öldürür". Baxırsan ki, şeirindş qızları tərifləyir, arvad-uşağı tərifləyir, bundan həzz alır. Əgər bundan həzz alırsa, niyə bundan onu məhrum edək? İndi dövr də elədir ki, çoxusu pulunu verib, istədiyini çap etdirir. Hər halda bu söyüş söyməkdən ki, yaxşıdır. Və yaxud başı çıxmayan bir şeydən danışmaqdansa, elə şeir yazsın, bununla da özünü sakitləşdirsin. Yəni, dünyada qadağadan pis şey yoxdur. Şeir yazanlara nə qadağan edə bilərik ki, qoy yazsınlar. 85 ildir ki, bu işlə məşğulam. Mənim qayıtdığım yolun yarısında olublar. Hətta nəsə fikir deyənlər də öz-özünü yorur.

- Yazıçılar Birliyinin yaşı ilə sizin yaşınızın arasında sadəcə bir il fərq var...

- Hə, amma mən onda hələ yazmırdım. Yəni, böyüyüncəyə, püxtələşməyənə qədər yazmırdım. Yazıçılar Birliyi yarandığı ilk dövlərdə çoxlu sayda şair və yazıçılar sürgün olunub, güllələnib. Şeirimdə bunu qeyd etmişəm. Yəni bildirmişəm ki, AYB-nin ömrü budur, bu cür çətinliklərdən keçib, gəlib. Onun əli ilə biz şairlər döyülmüşük, güllələnmişik...


Etiketlər:  Zaman elə keçir heç ölməyə vaxtım qalmır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ