Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Haldorsson Bakıdakı qəzaya görə stress keçirmişdi”

“Haldorsson Bakıdakı qəzaya görə stress keçirmişdi”

Tarix: 29 Dekabr 2019 12:40

Xəbər verdiyimiz kimi, "Qarabağ"ın sabiq qapıçısı Hannes Haldorsson Ağdam klubunda çıxış edərkən Bakıda üzləşdiyi xoşagəlməz hadisəni xatırlayıb. İslandiyalı qolkiper ölkəsinin mətbuatına açıqlamasında paytaxtımızdakı küçələrdən birində şəxsi avtomobili ilə adam vurmasından danışıb:

"Bir anda yola çıxan bir kişini vurmuşdum. Xoşbəxtlikdən adam sağ qaldı. Buna baxmayaraq, mənim üçün çox çətin idi. Hadisə komandaya düşməyə çalışdığım gərgin dönəmdə baş vermişdi. Çox narahat olmuşdum. Nurlanın sayəsində hadisə faciə ilə nəticələnmədi".

Baş vermiş hadisə zamanı Haldorssona kömək edən şəxsin "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov olmadığı üzə çıxıb. Sən demə, həmin vaxt 35 yaşlı qolkiperə yardım edən Bakıda daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan, ölkəmizdə oynayan əcnəbi futbolçulara ev tapmaqda vasitəçilik edən Nurlan Hüseynov olub.

Biz də təxminən bir il öncə baş vermiş qəzanın təfərrüatlarını öyrənmək üçün Hüseynovla əlaqə saxladıq.

"Hədisə baş verən vaxt şəhərdə idim. Haldorsson mənimlə yaxın dostdur. Zəng vurdu ki, belə bir şey olub. Özümü ora çatdıranda kişi ayağını tutub qışqırırdı.

"Qarabağ"ın bazasının qarşısındakı yolu yəqin ki, görmüsüz. Orada dar bir küçə var, insanlar yaşayır. Evlərin qapısı da küçəyə açılır. Haldorsson bazaya öz maşını ilə gedib-gəlirdi. Öyrəşdiyi yol deyildi. Bir az çətin yoldur. Həmin adam da yaşlı kişidir, qəflətən maşının qabağına çıxıb. Bu da tam saxlaya bilməyib, avtomobil dayanan vaxt kişiyə toxunmuşdu. Nəticədə dizi əzilmişdi. Gecə ilə kişini sakitləşdirdik, əməliyyata saldıq. Sonradan bildik ki, adamın ciyərində də problem var. Həyati təhlükəsi olduğundan, həkim tapdım, ciyərini də müalicə etdirdik.

Yaxşı adamdır, şikayət etmədi. Boynuna aldı ki, günah onda olub. Maliyyə tərəfini əvvəlcə mən həll etdim, sonra Haldorsson pulumu qaytardı. Hardasa 10 min manatdan çox pulu çıxdı. Çox yaxşı insandır. Hadisəyə görə stress keçirmişdi. Tez-tez zərərçəkmişə dəyirdi, onu yoxlayırdı. Çəkilib bir kənarda durmamışdı. Kişinin yaxınları da öz növbəsində qapıçıya mənəvi dəstək olurdu".

Haldorssonla indi də əlaqə saxlayan Hüseynov onu görmək üçün İslandiyaya gedəcəyini bildirdi: "Dostuq, İslandiyaya yanına getmək fikrim var. Özü məni dəvət edib. Sadəcə, bəzi problemlərə görə hələ gedə bilmirəm. Hannes yaxşı insandır. Futbolçu kimi Azərbaycanda bəyənilməsə də, insani keyfiyyətləri yüksək olan oyunçudur".

Onun sözlərinə görə, Haldorsson paytaxtımızda öz həyatından bəhs edən film də çəkib: "Film "Hannes Bakıda" adlanır. Mən də orada iştirak etmişəm. 49 dəqiqəlik filmdir. Çəkilişinə 12 gün vaxt sərf etmişik. Fikrimiz var ki, həmin filmi "CBC Sport" telekanalına verək. Orada Hannesin Azərbaycandakı həyatı tam olaraq göstərilib. Hətta insanların küçədə qoyun kəsməyini belə, çəkib. Bu kimi adətlərimiz onlara qəribə gəlir".

Haldorsson ölkəmizdən ayrılmamışdan Bakıdakı dostuna söz də verib: "Haldorssonun yoldaşı və qayınatası da məni çox istəyir. Bacısı da məni tanıyır. Bakıya gələndə onları qarşılayırdım, evlərinə yerləşdirirdim, birlikdə vaxt keçirirdik. Səmimi münasibətlərimiz var. Başqa rejissor dostları da var. İslandiyanın milli televiziya kanalında işləyirlər. Onlarla da əlaqəm var. Hannes kimi, dostları da gəlib, toyumda iştirak etmək istəyirlər. Haldorsson deyib ki, toyumda rejissorluğu özü edəcək".

Qeyd edək ki, 2018-ci ilin yayında 2019-un aprelinə kimi "Qarabağ"da çıxış edən Haldorsson ötən ilin oktyabr ayında idarə etdiyi avtomobillə piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçməyə çalışan 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlunu vurmuşdu (sportinfo.az).

 


Etiketlər:  Haldorsson Bakıdakı qəzaya görə stress keçirmişdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ