Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Unudulmaz səslər: Erməniləri qəzəbləndirən, Mərkəzi Komitədən töhmət alan XALQ ARTİSTİMİZ

Unudulmaz səslər: Erməniləri qəzəbləndirən, Mərkəzi Komitədən töhmət alan XALQ ARTİSTİMİZ

Tarix: 2 Yanvar 2020 15:06

Əbülfət Əliyev sənətinin Məcnunu idi...

Onun həzin, məlahətli səslə ifa etdiyi muğam və təsniflər, xalq mahnıları bu gün də yaddaşlarda yaşayır. Mərhum xanəndə, Xalq artisti Əbülfət Əliyevin səsinin vurğunları Azərbaycanla yanaşı, onun hüdudlarından kənarda - İran, Misir, Hindistan, Almaniya və başqa ölkələrdə də çox olub. 
 
O, Azərbaycan Opera və Balet Teatrının ən məhşur Məcnunlarından idi...
 

Sonxeber.net modern.az-a istinadən bu dəfə Azərbaycanın muğam, sənət beşiyi Şuşanın musiqi mədəniyyətimizə bəxş etdiyi görkəmli sənətkar Əbülfət Əliyevin ömür yoluna nəzər salacağıq.

Əbülfət Əliyevin doğum günü də, ölüm günü də bu aya - dekabra təsadüf edib. Ölüm günü (27 dekabr) doğum günündən (30 dekabr) 3-gün öncəyə təsadüf edib.

7 yaşında atadan yetim qalıb...

Əbülfət Əliyev 1926-cı il dekabr ayının 30-da Qarabağın musiqi beşiyi sayılan Şuşa şəhərində anadan olub. 7 yaşında atası Əsəd kişini itirən Əbülfətin ailəsinin maddi vəziyyəti getdikcə çətinləşir. Ailənin ağırlığı anası Mülayimin öhdəsində qalır. Evin çörək gətirənini itirmiş ailə üçün Şuşada qalmaq çətin köçmək məcburiyyətində qalan ailə Füzuliyə pənah  gətirir. Təxminən 4 il burda qaldıqdan sonra Ağdamda yerləşməli olurlar.
Atasızlıq onu erkən yaşlarından həyatın ağrı-acısını çiyinlərində daşımağa vadar edib. Təsəllisini  Pionerlər Evindəki muğam dərnəyində, oxuduğu mahnılarda, muğamlarda tapıb. Kasıbçılıqdan, kəndlərdə anası ilə başaq yığmaqdan  təngə gəlmişdi. "İmkanım olsa, qoymaram anam əlini ağdan-qaraya vursun" deyirmiş.  Ancaq başaq yığmaqda anasına yardımçı olmaqdan başqa çarəsi də yox imiş.


Yeniyetmə vaxtlarında tez- tez ictimai tədbirlərə qatılan Əbülfəti daha sonra toy məclislərinə də dəvət edirlər. Bir gün Pionerlər Evində  tanış olduğu həmyaşıdı tarzən  Elman Bədəlova  üçlük yaradıb toylara  getməyi  məsləhət görür. Dostunun "bu yaşda kim bizi toylara aparar?" inamsızlığına 16 yaşında Çəmənli kəndində xanəndəlik etdiyi toyun uzun müddət yatmayan səs-sədası ilə son qoyur.
Getdikcə məşhurlaşan gənc xanəndənin səsi-sorağı Bakıya qədər gəlib çatır. İlk dəfə 19 yaşında radio efirinə çıxaraq "Şuşanın dağları" mahnısını ifa edir və bununla da bütün taleyini birdəfəlik Bakıya bağlayır. Gənc yaşlarından böyük səhnələrə atılan Əbülfət Əliyev dövrünün tanınmış müğənniləri ilə birlikdə konsert proqramlarında çıxış edir.

Amansız xəstəlik...

Əbülfət Əliyev hələ həddi-buluğa çatanda Ağdamdakı Pionerlər  Evinin rəqs dərnəyində çalışan sarışın bir qıza vurulur. İçindəki sevgisini, arzu-istəklərini mahnıların diliylə yuxusunu ərşə çəkən  həmin sarışın qıza bəyan etmək istəyir.

Bir dəfə gənc muğam ifaçılarının Bakıda keçirilən olimpiadasında iştrak edir və birinci yeri tutur. Azərbaycan Radiosunda canlı olaraq "Rast" dəstgahını və "Yar bizə qonaq gələcək, bilmirəm haçan gələcək" mahnısını oxuyur,  gözlərinin önündə isə sarışın sevgilisinin surəti çəkilmir.
1945-ci ildə onu Azərbaycan Dövlət Filarmoniyasına  işə dəvət edirlər. Bir il sonrasa həsrətində olduğu yarı axır ki, onlara qonaq gəlir, sevib-seçdiyi Elza xanımla ailə həyatı qurur. 1947-ci ildə oğlu Rauf, daha sonrasa qızı Rəisə dünyaya gəlir.

1957-ci ildə ilk dəfə olaraq Opera və Balet Teatrının səhnəsinə çıxır, Məcnun kimi. 10 il ərzində bu sənət məbədində çalışır. Operada çalışdığı illər həmdə Filarmoniyanın solisti olur. 1967-ci ildən Filarmoniya çalışmağa davam edir.

Onun repertuarında 400-dən artıq xalq və bəstəkar mahnısı yer alır. "Dinə bilmədim", "Bu qala daşlı qala", "Endim bulaq başına", "Qara gözlüm", "Bülbüllər gəzər bağı" və s. Hər bir ifaçının musiqidə vizit kartı olduğu kimi, Əbülfət Əliyevin də vizit kartı "Ögey ana" filmində ifa etdiyi "Eşqimin növrağı" ("O körpəmin anasıdır") mahnısı olur. Bu ifa hər kəsin yaddaşında silinməz iz buraxır. Xanəndənin səsi artıq ölkə hüdudlarından kənarda da gəlməyə başlayır. Müğənni İran, Hindistan, Almaniya, Misir və bir çox ölkələrdə konsert proqramları ilə çıxışlar edirdi.

Ancaq amansız xərçəng xəstəliyi ifaçını rahat buraxmadı.

Əbülfət Əliyev 27 dekabr 1990-cı il tarixində 64 yaşında mədə xərçəngindən dünyasını dəyişib.

Onun sənətinə Xan Şuşiniski, Bülbül kimi nəhəng sənətkarlar yüksək qiymət vermişdilər.

İrəvanda baş verənlər...

Oğlu Rauf Əliyev atası haqda keçmiş jurnalist Mənsurə Səttarovaya müsahibəsində atasının İrəvanda verdiyi məşhur konsert haqda bunları danışıb:

- Atam dünyaya göz açdığı Şuşanı çox sevirdi. İşimlə əlaqədar uzun illər xarici ölkədə çalışmışam. 90-cı ilin yayında Bakıya gəlmişdim. Qarabağın gərgin günləri idi, Şuşanın yolları bağlanmışdı. Atam Şuşanı görmək istəyilə alışıb-yanırdı. Şuşanın adını çəkəndə simasını kədər bürüyür, səsində bir qəhər hiss edilirdi...

Çox vətənpərvər insan idi. Sovet dövründə İrəvana qastrol səfərinə gediblərmiş. Erməni tamaşaçıları onun ilk çıxışlarını sürəkli alqışlarla  qarşılayırlar. Təkrar səhnəyə çıxanda tarzən Sərvər İbrahimova "gör indi türk mahnısı oxumaqla bunların kefinə necə soğan doğrayacağam" deyir. Səhnəyə çıxır, oxuyacağı mahnını elan etmədən tarzənə çalğıya başlamasını işarə edir. Zala bir sakitlik çökür. Bayaqdan bəri xanəndənin ifasını alqışla qarşılayan erməni tamaşaçıların üzərinə sanki qaynar su tökülür. Çıxışından dərhal sonra  tənqid və məzəmmətlər başlayır:

- Əbülfət müəllim, niyə türkcə oxudunuz?
- Bəs nə dilində oxuyum?
- Azərbaycanca oxuya bilmirsiniz?
- Mən də bu dildə oxudum də, bəs Azərbaycan dili türk dili deyil, biz indi nə dilində danışırıq?

Bu mahnıya görə atamı çox incitdilər. Ermənilər rahat oturmadılar, Mərkəzi Komitəyə qədər şikayət etdilər, sonda töhmət aldı...".


"Ay vicdansız sənə görə içki içməmişəm"
 

"Xaricdə olduğum vaxtlar məndən bərk nigaran olurdu. Hər məktubunda "ehtiyatlı ol, özündən muğayat ol" sözlərini dönə-dönə vurğulayırdı. Məktublarında ilk baxışdan xırda, əhəmiyyətsiz görünən məsələlər barədə belə məlumat verirdi. Atam ömrünün sonuna qədər qayğısını övladlarından və yaxınlarından əskik etməyib. İndi bu qayğının yerini onun boşluğu əvəz edib...

Səhhətindən şikayət etməmişdi. Səsi korlanar deyə, soyuq su içməz, siqaret çəkməzdi. Spirtli içkilərdən də uzaq idi. 1990-cı ilin yayında səhhətindən şikayətçi olduğundan həkimə apardıq, mədə xərçəngi diaqnozu qoyuldu...".

Bunlar mərhum xanəndənin oğlu Rauf Əliyevin atasıyla bağlı  kövrək xatirələrdir. Ayrılarkən onu hava limanına qədər yola salan atasını bir daha ayaqda görməyəcəyi həmin vaxt çətin ki, onun ağlına gələrdi.
 

Noyabrda vəziyyəti ağırlaşan sənətçini Moskvaya aparırlar. Ancaq həkimlərin səyi, iynə-dərman bir nəticə vermir. Ömrünün son 90 günü olmazın əzab-əziyyət çəkir. Çox zaman ağrıdan səhərəcən yata bilmirdi. Belə gecələrdə "ay vicdansız, sənə görə içki içməmişəm, sən niyə belə üzüqara çıxdın" deyə ona vəfasızlıq edən qara ciyəriylə  "dərdləşirdi".

1990-ci ilin 27 dekabrı xalq artisti Əbülfət Əliyevin həyatdakı son günü oldu. Qəlbində sağalacağına sonsuz ümid hissi səssiz-səmirsiz fani dünya ilə vidalaşdı. Əcəl ömrünün 64-cu ilini qarşılamağa üçgünlük möhləti  belə çox gördü...

Tanınmış xanəndənin sənət yoldaşları onunla bağlı xatirələrini Modern.az-la bölüşüblər.

"Onun qışqırıb oxumaqla arası yox idi"


Əməkdar artist Süleyman Abdullayev (Dədə Süleyman) bildirib ki, Əbülfətin əsli Şuşalı olsa da, gənclik illərinin çoxu Füzulidə keçib.


Etiketlər:  Unudulmaz səslər Erməniləri qəzəbləndirən Mərkəzi Komitədən töhmət alan XALQ ARTİSTİMİZ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ