Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2019 11:24
"Qarabağ"ın bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçev ölkəsinin "gong.bg" saytına müsahibə verib. Ağdam klubunun heyətində qazandığı çempionluqla bağlı təəssüratlarını açıqlayan futbolçu komandada qalıb-qalmayacağına da aydınlıq gətirib.
- Sizi çempionluq münasibətilə təbrik edirəm. Ölkə xaricində titul qazanmaq necə hissdir?
- Bu, mənim ilk çempionluğumdur. Özümü unikal hiss edirəm. Komanda ilə həftəlik məşqlər və bütün oyunlarla birlikdə mövsüm ərzində çəkdiyimiz əziyyətin bəhrəsini gördük. Bu mükafat bizim səylərimizin qarşılığıdır. Mənim üçün isə həqiqətən çox xoşdur. Çünki buna qədər mən çempion olmamışdım. Ötən il "Apollon"la Kipr kubokunu qazananda çox sevinmişdim. Ancaq çempionatda qalib olmaq - bu, tamam fərqli duyğudur. Bir neçə il öncə "Sportinqlə də kubok qazanmışdım. Amma bəzi hadisələr həmin vaxt o sevinci tam yaşamağa mane olmuşdu. Ona görə də indi daha xoşbəxtəm.
- Mövsümün şirin anlarını xatırlayanda "Arsenal"la oyunlar da yada düşürmü?
- Əslində biz Avropa Liqasından həqiqətən çətin qrupa düşmüşdük. "Qarabağ" son 7 ildə daim avrokubokların iştirakçısı olub. Hətta birində Çempionlar Liqasının qrupuna yüksəlməyi də bacarıb. Bu mövsüm "Arsenal" və "Sportinq" kimi güclü rəqiblərlə ağır qrupda yer almışdıq. Təəssüf ki, heyətdəki xoşagəlməz itkilərə görə yaxşı rəqiblərlə matçlarda nəticələr qənaətbəx olmadı. "Arsenal" və Sportinq"lə qarşılaşdığımıza görə gözəl hisslər yaşadım. Ümid edirəm ki, növbəti mövsümdə yenə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanıb, nəhəng klublarla qarşılaşacağıq və özümüzü ən yaxşı tərəfdən göstərəcəyik.
- Son həftələrdə Azərbaycan mətbuatında "Qarabağ"dan ayrılacağınızla bağlı xəbərlər dolaşır. Nəsə qaydasında getmir?
- Belə bir şey yoxdur, heç bunu şərh etməyə də dəyməz. Mən "Qarabağ"ın bir parçasıyam. Klubla daha 2 illik müqaviləm var. İlk vaxtlarda mənə uyğunlaşmaq üçün bir az zaman lazım idi. Orada hamı ailə kimidir. Hər kəs mehriban və dostcanlıdır. Bu isə həm məni xoşbəxt edir, həm də sevindirir. Özümü daha yaxşı tərəfdən göstərib, komandanın növbəti çempionluğu qazanmasına kömək etməyə köklənmişəm.
- Azərbaycan və Bolqarıstan çempionlatlarını səviyyə və oyun üslubu baxımından necə müqayisə edərdiniz?
- Hər həftə birinci liqanın oyunlarına baxsam da, onları müqayisə etmək çətindir. Azərbaycan çempionatı 8 komanda ilə keçirilir. Ancaq orada təşkilati məsələlər daha yüksək səviyyədədir. Stadionlar kiçik olsa da, futbol üçün əlverişlidir. Azarkeşlərə gəldikdə isə düşünürəm ki, bu barədə ölkələr bir-birinə oxşayır. Çempionatın səviyyəsini şərh edə bilmərəm. Yalnız onu deyə bilərəm ki, mənim çıxış etdiyim "Qarabağ" topa sahib olmaqla baxımlı və kombinasiyalı oyun göstərir.