Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2020 08:36
"Juniper Research" şirkəti dünyada beşinci nəsil mobil rabitə şəbəkələrinə (5G) qoşulmaların illik sayının orta hesabla 150 faiz artaraq 2025-ci ildə 1,5 milyarda çatacağını proqnozlaşdırır.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, mütəxəssislərin məlumatına görə, 2019-cu ildə yeni nəsil şəbəkələrə təxminən 5 milyon qurğu qoşulub.
Texnologiya dünyada "5G" kommersiya şəbəkələrini ilk dəfə istifadəyə verən ABŞ və Cənubi Koreyada daha sürətlə tətbiq olunur. Şirkətin proqnozuna görə, 2020-ci ildə yeni standartdan istifadə edəcək bütün abunəçilərin 3/4 hissəsi ABŞ və Cənubi Koreyanın payına düşəcək.
Bildirilir ki, ABŞ və Cənubi Koreya operatorları abunəçilərin cəlb edilməsi məqsədilə "5G" xidmətlərinin tariflərini kəskin azaldırlar. Lakin ekspertlər xəbərdarlıq ediblər ki, bu strategiya səbəbindən telekommunikasiya şirkətləri gələcəkdə "5G" şəbəkələrinə yatırılan investisiyaların əksər hissəsini qarşılaya bilməyəcəklər.
Bununla yanaşı, Avropa kimi digər regionlarda rabitə tədarükçüləri standartın tətbiqinin ilkin mərhələsində mədaxili maksimuma çatdırmağa və "4G" ilə müqayisədə "5G" üçün daha yüksək tariflər müəyyənləşdirməyə çalışırlar.
Xatırladaq ki, "5G" mövcud "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan "4G" şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı "5G" şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.