Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2020 15:36
Bakı. Trend:
2019-cu ildə ölkənin 10 şəhər və rayonunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB dostları fəaliyyətə başlayıb. Hazırda KOBİA-nın sahibkarlara əsas dəstək mexanizmlərindən olan KOB dostlarının sayı 21-dir.
Trend-in məlumatına əsasən, KOB dostları tərəfindən ötən il KOB-ların qarşılaşdığı məsələlərin və təkliflərinin dövlət-sahibkar əməkdaşlıq platformasında müzakirə edilməsi üçün 14 şəhər və rayonda 34 görüş keçirilib, 450-yə yaxın səyyar xidmət təşkil olunub.
Ötən il Agentliyə “KOB Dostu” şəbəkəsi vasitəsilə 1500-dən çox müraciət daxil olub. Bu müraciətlərin 34%-i maliyyə resurslarına çıxış, 33%-i hüquqi yardım və məsləhət xidmətlərinin göstərilməsi, 18%-i hüquqların müdafiəsi, 15%-i isə maarifləndirmə məsələlərini əhatə edib. Müraciətlərlə bağlı aidiyyəti dövlət qurumlari ilə birlikdə müvafiq tədbirlər görülüb.
2020-ci ildə “KOB Dostu” şəbəkəsinin genişləndirilməsi və ölkənin daha bir neçə şəhər və rayonunda KOB dostlarının fəaliyyətə başlaması nəzərdə tutulur.
Qeyd edək ki, 2018-ci ildən etibarən formalaşmaqda olan “KOB Dostu” şəbəkəsi tərəfindən KOB-lara biznesin qurulması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, potensial investisiya layihələrinin müəyyənləşdirilməsi və KOB-lar vasitəsilə həyata keçirilməsi, KOB-ların maraqlarının müdafiəsi, dövlət dəstək mexanizmləri barədə maarifləndirmə və digər istiqamətlərdə dəstək və xidmətlər göstərilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin