Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 14:42
Bakı. Trend:
Qarşıdan 2 Fevral-Azərbaycan Gəncləri Günü gəlir. Gənclər hər bir cəmiyyətin ən fəal və aparıcı qüvvəsi, potensial gücüdür. Gənclik inamdır, ümiddir, enerjidir, gələcək perspektivlərə doğru atılan addımların başlanğıcı, uğurlu karyera inkişafının təməlidir. Gənclik inkişafdır, yenilikdir, müasirlikdir.
Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, müstəqil Azərbaycan Respublikasında gəncliyə böyük diqqət və qayğı göstərilir. Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin əsası Azərbaycan xalqının ümummilli lideri, təcrübəli və müdrik dövlət rəhbəri, dünya miqyaslı siyasi xadim Heydər Əliyev tərəfindən qoyulub. Müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev öz çoxşaxəli idarəçilik və dövlətçilik fəaliyyətində həmişə gəncliyə xüsusi həssaslıqla, böyük diqqət və qayğı ilə yanaşıb, bilikli, savadlı, istedadlı gənclərin cəmiyyətdə öz layiqli yerlərini tutmaları üçün onlara əlverişli şərait yaradıb. Xalqımızın yenilikçi, islahatçı, müasir və mütərəqqi düşüncəli dövlət başçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənclər siyasətini müasir dövrün tələblərinə, yeni beynəlxalq çağırışlara uyğun olaraq uğurla davam etdirir. Ölkə Prezidenti İlham Əliyevin əqidədaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva gənclərin elmi-intellektual səviyyəsinin yüksəldilməsinə, onların sağlam və müasir düşüncəli, vətənpərvər ruhda tərbiyə olunmalarına böyük önəm verir.
Müasir dövrdə ölkəmizdə dövlət gənclər siyasəti sahəsində böyük işlər, genişmiqyaslı tədbirlər, çoxsaylı layihələr, dövlət proqramları həyata keçirilir. Gənclərin respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında fəal iştirak etmələri, siyasi idarəçilik sisteminə cəlb edilmələri, yüksək dövlət vəzifələrinə təyin olunmaları, mədəni dünyaya inteqrasiyası daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Son vaxtlar reallaşdırılan siyasi, struktur, kadr və sosial-iqtisadi islahatlar Azərbaycan gəncliyində böyük inam və ümid yaradıb.
Qeyd etmək istəyirəm ki, hazırda təhsil aldığım, Azərbaycanın ali təhsil sistemində xüsusi yeri və mövqeyi olan, cəmiyyətdə yenilikçi ruhu və müasirliyi ilə seçilən Bakı Slavyan Universitetində (BSU) dövlət gənclər siyasətinin icrası üçün səmərəli və məqsədyönlü fəaliyyət həyata keçirilir. Tanınmış və təcrübəli elm və təhsil təşkilatçısı, vətənpərvər insan, qayğıkeş ziyalı, BSU-nun rektoru, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, Əməkdar müəllim, “Şöhrət” ordenli, professor Nurlana xanım Əliyeva tələbə-gənclərin keyiyyətli təhsil almalarını, sosial fəallıqlarının gücləndirilməsini, universitetin və ölkəmizin ictimai-mədəni həyatında fəal iştirak etmələrini, onların xalqımızın yüksək milli-mənəvi dəyərlərinə, Azərbaycan dövlətinə və dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunmalarını əsas vəzifələr kimi qarşya qoyub. BSU-da yaradılmış sağlam və işgüzar ab-hava, mənəvi-psixoloji mühit, şəffaf və obyektiv tədris və imtahan prosesi, tələbə ictimai təşkilatlarının fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi tələbələrin yaxşı təhsil almalarına müsbət təsir göstərməklə yanaşı, onların fərdi təşəbbüskarlığını artırır, fəaliyyətlərinə ciddi stimul verir. Eyni zamanda BSU-da tələbələrin sosial müdafiəsi daim universitet rəhbərliyinin diqqət mərkəzində saxlanılır. Ehtiyacı olan, mövcud qanunvericilikdə güzəştlərin tətbiq edilməsi nəzərdə tutulan ailələrdən olan tələbələrin yataqxanada otaqla təmin edilmələri, onlara hər ay yemək talonlarının verilməsi, maddi yardım göstərilməsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən hər tədris ilində iki dəfə adlı təqaüdlərin verilməsi, eləcə də fəal tələbələrin asudə vaxtlarının maraqlı və səmərəli təşkil olunması bunun əyani sübutudur. Tələbə-gənclərimiz müasir dövrümüzün trendlərindən sayılan könüllülük hərəkatında fəal iştirak edirlər. BSU-nun mindən çox tələbə-könüllüsü respublika səviyyəli tədbirlərdə, eləcə də beynəlxaq tədbirlərdə universitetimizi yüksək təəssübkeşliklə, layiqincə təmsil edirlər. Dövlət başçımızın müvafiq Sərəncamı ilə “ Könüllülər ili” elan edilmiş 2020-ci ildə də tələbələrimiz könüllük hərəkatına öz töhfələrini verəcəklər.
Sonda isə xüsusi vurğulamaq istəyirəm ki, BSU-nun tələbə-gəncləri bundan sonra da yüksək səviyyədə təhsil almaqla bərabər, xalqımıza, millətimizə, dövlətimizə ləyaqətlə, vicdanla, sədaqətlə xidmət edəcək və bizə göstərilən etimadı öz əməli fəaliyyətimizlə layiqincə doğrultmağa çalışacağıq.
Əkrəm Mirzəzadə,
BSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin