Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev: Təbiətin qorunması hər bir vətəndaşın işi olmalıdır, çünki bu, bizim ölkəmizdir, bizim həyatımızdır

Prezident İlham Əliyev: Təbiətin qorunması hər bir vətəndaşın işi olmalıdır, çünki bu, bizim ölkəmizdir, bizim həyatımızdır

Tarix: 4 Fevral 2020 00:26

Bakı. Trend:

Təbiətin qorunması hər bir vətəndaşın işi olmalıdır, çünki bu, bizim ölkəmizdir, bizim həyatımızdır

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.

Dövlət başçısı bildirib:

"Avtomobil yollarının çəkilişi ilə bağlı bir neçə önəmli layihə həyata keçirilir. Onlardan biri Gəncə-Gürcüstan sərhədi avtomobil yolunun dörd zolağa genişləndirilməsidir. İşlər gedir və əminəm ki, başa çatacaq. Sumqayıtdan Rusiya sərhədinə gedən yeni dördzolaqlı yolun tikintisi aparılır və hesab edirəm ki, ilin sonuna qədər bu yol da istifadəyə veriləcək. Astara-İran sərhədi avtomobil yolunun tikintisi də gündəlikdədir. İndi magistral yol tam yeni məcra ilə cənub istiqamətinə gedir. Ancaq Astara şəhərinin içərisindən keçir. Ona görə həm vətəndaşlar üçün narahatlıq yaradır, həm də ki, yükburaxma qabiliyyəti aşağı düşür. Ona görə Astara şəhərinə girmədən rayonun ərazisindən İran sərhədinə qədər yeni magistral yolun çəkilişi, o cümlədən avtomobil körpüsünün tikintisi nəzərdə tutulur. Bu layihə də bu ilin sonuna qədər başa çatmalıdır.

Eyni zamanda, Şamaxı-İsmayıllı-Qəbələ yolunun bərpası və genişləndirilməsi nəzərdə tutulur. Bu yol sürüşmə zonasından keçir, ona görə yolun bərpası uzun illər ərzində mümkün olmamışdır. Ancaq yeni texnologiyalar əsasında və yeni məcranın tapılması istiqamətində aparılmış işlər nəticəsində bu yolun da genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması nəzərdə tutulur.

Bu il Bakı qəsəbələrində yeni yolların çəkilişi xüsusi əhəmiyyət daşıyacaq. Keçən il biz bu işlərlə daha geniş miqyasda məşğul olmağa başlamışıq. Əlbəttə ki, bəzi qəsəbələrdə yollar bərbad vəziyyətdədir və bu, dözülməzdir. Biz ən ucqar dağ kəndlərinə gözəl yollar çəkirik. Amma burada - Bakının ətrafında bəzi yerlərdə yollar pis gündədir. Ona görə müvafiq göstərişlər verilib. Keçən il bu sahəyə daha böyük diqqət ayrılıb və bu il də yol çəkilişi proqramları arasında bu sahə prioritet təşkil edəcək.

Bütövlükdə bu il min kilometr avtomobil yolunun çəkilişi nəzərdə tutulur. Keçən il də min kilometr nəzərdə tutulurdu. Ancaq dediyim kimi, keçən il 1300 kilometr çəkildi. İstisna olunmur ki, bu il də çəkiləcək yolların uzunluğu daha böyük olacaqdır.

Dəmir yolunun bərpası və çəkilişi ilə bağlı. Gəncə-Gürcüstan sərhədi dəmir yolunun sürətinin artırılması nəzərdə tutulur. Bakı-Gəncə dəmir yolunun çəkilişi tamamilə başa çatıb. Mən o vaxt Gəncədə olarkən söz vermişdim ki, bu, təmin ediləcək. Elə də oldu. İndi çox rahat, sürətli qatarla Bakıdan Gəncə şəhərinə getmək olar. İndi sərhədə qədər bu dəmir yolunun bərpası başa çatdırılmalıdır. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Yalama dəmir yolunun yenidən qurulması gündəlikdədir. Bununla yanaşı, Xudatdan Şahdağa dəmir yolunun çəkilişi nəzərdə tutulur. Şahdağ dağ-xizək kurortu indi nəinki MDB məkanında, dünyada tanınır. Bunun ikinci mərhələsi işə düşəndən sonra maraq daha da artıbdır. Ona görə mütləq bu kurorta dəmir yolu çəkilməlidir. Bu, həm bölgədə yaşayan vətəndaşlara, xarici qonaqlara və Bakı sakinlərinə rahatlıq gətirəcəkdir. Artıq müvafiq Sərəncam da verilib və vəsait də ayrılıb.

Ələt-Astara dəmir yolunun yenidən qurulması və yolun marşrutunun dəyişdirilməsi, sahildən kənarlaşdırılması üzərində iş aparılır. Bu il vəsait də nəzərdə tutulur. Bu il şəhərlərarası dəmir yolları arasında Ləki-Qəbələ dəmir yolunun fəaliyyətə başlaması nəzərdə tutulur. Giriş sözümdə dediyim kimi, Bakıətrafı, Bakı qəsəbələrinə gedən dəmir yolunun davam etdirilməsi nəzərdə tutulur.

İçməli su layihələri ilə əlaqədar bildirməliyəm ki, bu günə qədər ölkəmizin cəmi beş şəhərində içməli su və kanalizasiya layihələri başlamamışdır. Yəni, bütün qalan şəhərlərdə bu işlər ya tamamlanıb, ya da ki, icradadır. Ona görə bu beş şəhərin içməli su problemi nəzərə alınmalıdır. Bu ildən bu layihələrin icrasına start verilməlidir. Əminəm ki, yaxın gələcəkdə ölkəmizdə bir dənə də şəhər olmayacaq ki, 24 saat ərzində Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin edilməsin. Eyni zamanda, biz bu il suvarma üçün 400-dən çox subartezian quyusunun qazılmasını təmin etməliyik. Bu quyuların sayı ildən-ilə artır, tələbat var və biz bunu edəcəyik. Bu, dövlət investisiya proqramında nəzərdə tutulub.

Ekoloji vəziyyətin yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Bu istiqamətdə bir çox önəmli tədbirlər görülür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə çaylar boyu yerləşən bir çox kənddə modul tipli təmizləyici qurğular quraşdırılmışdır. Ancaq mənə bəzi yerlərdən gələn məlumata görə, bu qurğuların bir neçəsi sıradan çıxmışdır. Ona görə birinci növbədə bu qurğuların fəaliyyəti ilə bağlı monitorinq keçirilməlidir, geniş təhlil aparılmalıdır, mənə məruzə edilməlidir ki, onların vəziyyəti nə yerdədir. İkincisi, bu qurğuların istismarı ilə bağlı gərək təkliflər verilsin. Əfsuslar olsun ki, bu günə qədər bu qurğular başlı-başına buraxılıb. Yerli icra orqanları, bələdiyyələr, əslində, bu qurğuların istismarı ilə məşğul olmalıdırlar. Bir çox yerlərdə belə deyil. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu qurğuları quraşdırıb və sanki işini yekunlaşdırıb. Ona görə həm monitorinq aparılmalıdır, həm də lazımdırsa, yeni kəndlərdə bu cür qurğular quraşdırılmalıdır və onların istismarı ilə bağlı konkret bir məsul qurum müəyyən edilməlidir.

Ağacəkmə prosesi davam etdiriləcək. Keçən il Nəsiminin 650 illiyi ilə bağlı bir gündə 650 min ağac əkildi. Son illərdə isə əkilən ağacların sayı bəlkə də 10-20 milyonu ötüb. Bu, çox müsbət haldır. Xüsusilə təbiəti ağacla o qədər də zəngin olmayan bölgələrdə bu proses geniş vüsət alıbdır və almalıdır. Bununla paralel olaraq, çirklənmiş yerlərin təmizlənməsi, torpaqların rekultivasiyası prosesi davam etdirilir. Abşeron yarımadasında bu işlər aparılır, aparılacaqdır. Bizim mövcud göllərin təmizlənməsi prosesi daha geniş vüsət almalıdır. Biz hələlik yalnız Böyükşor gölünün bir hissəsini təmizləmişik. Bu da çox böyük layihədir. İndi digər hissənin və həmçinin digər göllərin təmizlənməsi gündəlikdədir.

Son illərdə bu istiqamətdə çox böyük işlər görülüb. Bakı sakinləri və qonaqlar bunu hiss edirlər ki, havanın keyfiyyəti böyük dərəcədə yaxşılaşıb. Nəyin hesabına? Çünki biz havanı çirkləndirən bir çox mənbələri ləğv etdik. Onlardan biri Bibiheybət zonası idi, hansı ki, o, ekoloji fəlakət mənzərəsi idi. İndi orada park salınıb, idman qurğuları, xiyabanlar yaradılıb, bulvar o zonaya qədər uzadılıb. İkincisi, havanı, ekologiyanı böyük dərəcədə çirkləndirən “Qara şəhər” idi. İndi onun yerində “Ağ şəhər” yerləşir. Bu da böyük şəhərsalma layihəsidir. Yaxın gələcəkdə neftayırma zavodunun o ərazidən köçürülməsi nəticəsində həm bulvarın uzunluğu artacaq, həm də o zonada ekoloji vəziyyət daha da yaxşılaşacaq. Əlbəttə, Balaxanı zibilxanası havanı demək olar ki, zəhərləyirdi. Çünki orada yanan məişət tullantılarının söndürülməsi mümkün deyildi. Hazırda orada böyük zibilyandırma zavodu və çeşidləmə poliqonu fəaliyyət göstərir. Bu ərazi ekoloji təmiz zonaya çevrilib.

Yəni, bütün bunları biz edirik ki, Bakının ekoloji vəziyyəti yaxşılaşsın və insanların sağlamlığına ziyan vurmasın. Eyni zamanda, vaxtilə ekoloji vəziyyəti ağır olan Sumqayıt da indi ekoloji cəhətdən təmiz şəhərdir. Mən orada olarkən sumqayıtlılara deyirəm ki, Sumqayıtın havası Bakının havasından daha təmizdir. Ancaq Bakının havası da böyük dərəcədə təmizlənib. Bizim əsas diqqət mərkəzimiz məhz böyük şəhərlərdir, xüsusilə Abşeron yarımadası və sənaye müəssisələri olan şəhərlər. Azərbaycanın qalan yerlərində təbiət toxunulmazdır, biz bunu qorumalıyıq və bütün bölgələrdə təbiət qorunmalıdır. Çünki bu, bizim sərvətimizdir. Bəzi hallarda ağaclar qırılır, onların yerində binalar tikilir. Buna qətiyyən yol vermək olmaz. Müvafiq göstərişlər verilib. Təbiətin qorunması hər bir vətəndaşın işi olmalıdır, çünki bu, bizim ölkəmizdir, bizim həyatımızdır".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Prezident İlham Əliyev Təbiətin qorunması hər vətəndaşın işi olmalıdır çünki bizim ölkəmizdir bizim həyatımızdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ