Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 12:45
"Azərbaycanda növbədənkənar parlament seçkisini 41 ölkədən 358 müşahidəçi müşahidə edir. Seçki müşahidəsi ümumi praktikadır və biz bütün ATƏT ölkələrində seçkilərdə müşahidələrimizi aparırıq".
Sonxeber.net xəbər verir ki, bu barədə APA-ya ATƏT-in qısamüddətli missiyasının xüsusi koordinatoru Artur Gerasimov deyib.
Onun sözlərinə görə, müşahidə missiyası bu yaxınlarda Belarus və Özbəkistanda keçirilən seçkilərdə müşahidə aparıb: "Müşahidə missiyamız Azərbaycan hökuməti tərəfindən dəvət olunub. Bu, ATƏT-ə üzv ölkələrin prinsip və öhdəlikləri ilə bağlıdır. Seçki günündən öncə beynəlxalq müşahidə missiyasının üzvləri Mərkəzi Seçki Komissiyası, vətəndaş cəmiyyətinin nümayəndələri, siyasi partiyalar və namizədlər ekspertlərlə görüşüb və məlumatlandırılıb. Bizim seçki ilə bağlı kifayət qədər məlumatımız var. Seçki günü ilə bağlı deyə bilərəm ki, beynəlxıaq müşahidə missiyasının üzvü olan yüzlərlə müşahidəçimiz Bakıda, Gəncədə, Sumqayıtda və digər regionlarda öz müşahidələrini aparırlar. Müşahidələrimizi yekunlaşdırdıqdan sonra biz sabah əlimizdə olan məlumatlara əsasən mətbuat konfransı keçirəcəyik.
Bu anadək özüm bir neçə məntəqədə olmuşam. Onu deyə bilərəm ki, bizim üçün bütün prosesi rahat izləmək üçün hər cür imkan yaradılıb, mən özüm heç bir təzyiqlə qarşılaşmamışam. Biz bütün qeydlərimizi götürmüşük".