Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

QDİƏT PM: Bu seçkilər ilk növbədə Azərbaycan xalqının qələbəsidir

QDİƏT PM: Bu seçkilər ilk növbədə Azərbaycan xalqının qələbəsidir

Tarix: 10 Fevral 2020 11:39

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) müşahidə missiyası ölkədə keçirilən parlament seçkilərində müşahidələrinin nəticələrini açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, QDİƏT PM-in müşahidə missiyasının üzvü, türkiyəli deputat Cemal Öztürk bildirib ki, Azərbaycanda demokratik, ədalətli seçki keçirildi:

"Qardaş, dost Azərbaycanda 2020-ci il parlament seçkilərində müşahidəçi kimi iştirak etdim. Artıq 3 gündür ki, prosesləri izləyirik. Müşahidələr apardığm zaman hər hansı neqativ hadisəyə rast gəlmədim. Azərbaycan xalqını təbrik edirəm, bu seçkilər Azərbaycanın daha da güclənməsi, inkişafı üçün yeni başlanğıc olar. Azərbaycan xalqı ən yaxşılara layiqdir. Biz hər zaman Azərbaycanın yanında olduq, bundan sonra da olacağıq. Bir millət iki dövlət olaraq dost Azərbaycanın yanında olduğumuzu hər zaman ifadə etmişik, bu gün də ifadə edirik.

Bu seçkilərin təkcə Azərbaycanda yox bütün Türk dünyası, bölgədəki sülhə təsir edəcəyinə inanıram. Azərbaycan xalqını təbrik edirəm və təşəkkür edirəm".

Baş katib Asəf Hacıyev isə bildirib ki, təşkilata 12 dövlət və 76 millət vəkili daxildir:

"Nümayəndə heyətinə 5 ölkənin nümayəndəsi daxildir. Dünən səhər saat 10:00-dan Bakıda 10-dan çox seçki məntəqəsində olduq, heç bir pozuntu görmədik. Hətta orada olan partiyaların nümayəndələrindən də soruşduq, daha sonra Maştağa və Bilgəhdə də 10-a yaxın məntəqədə olduq. Buralarda aktivlik daha çox idi".

Baş katib deyib ki, hər seçki demokratiyanın ölçüsüdür:

"Dünənki seçki göstərdi ki, demokratiyanın nə başlanğıcı var, nə sonu, əsas odur bu dinamik prosesdə iştirak edəsən. Dünənki seçkilər nəinki Avropa, hətta dünya standartlarına uyğun keçirildi. Havaya baxmayaraq, 45 faizə yaxın seçici iştirak etdi. İlkin nəticələrə görə YAP qalib gəlib, YAP bir daha göstərdi ki, formalaşmış, Azərbaycanı gələcəyə aparan partiyadır. İlkin nəticələrə görə partiya 69 yer qazanıb. Azərbaycanda getdikcə demokratik proseslər daha da çox inkişaf edəcək".

QDİƏT PM-in müşahidə missiyasının üzvü, rusiyalı deputat Maksim Şablikin deyib ki, həmkarları ilə birgə seçkidə müşahidə aparıb:

"Azərbaycanda seçkilər çox demokratik şəkildə keçirildi. Ən əsası məndə seçkilərin təhlükəsiz, sakit şəraitdə keçməsi ilə bağlı çox gözəl təəssürat yarandı. Vətəndaşların çox sakit və azad şəkildə seçkilərdə iştirak etdiyini gördüm. Seçkilərin demokratik keçirilməsini çox yüksək qiymətləndirirəm. Azərbaycanda namizədlərin sayına baxanda başa düşmək olur ki, Milli Məclis Azərbaycanın həyatında nə qədər böyük rol oynayır. Düşünürəm ki, bu seçkilər ilk növbədə Azərbaycan xalqının qələbəsidir. Vətəndaşlar öz deputatlarını seçdilər, düşünürəm ki, ən böyük hakimiyyət xalqın hakimiyyətidir. Demokratik və şəffaf seçkilər üçün təşəkkür edirəm".

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.
Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.

Ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsi olub ki, burada seçici fəallığı 76,1 faiz (37 min 970 seçicidən 29 419 nəfər), ən passiv dairə olan 17 saylı Yasamal 3-cü Seçki Dairəsində isə seçici fəallığı 17,84 faiz (30 min 534 seçicidən 5 min 447 nəfər) təşkil edib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Milli.Az


Etiketlər:  QDİƏT PM Bu seçkilər ilk növbədə Azərbaycan xalqının qələbəsidir


RƏYLƏR